Millət vəkili Qənirə Paşayeva “bir çox müsəlman ölkələri Xocalı Soyqırımı məsələsinə münasibətdə Pakistanı örnək götürsə, yaxşı olar” deyib. Milli Məclisin (MM) Azərbaycan-Pakistan parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva noyabrın 26-da Pakistan Milli Assambleyasının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Millət vəkili dəfələrlə Pakistanda olduğunu və bu ölkədə keçirilmiş bir çox toplantılarda iştirak etdiyini bildirib.
Q.Paşayeva xatırladıb ki, o istər jurnalist fəaliyyəti zamanı, istərsə də son 7 illik deputatlıq fəaliyyəti dövründə bu ölkəyə səfər edib, orada görüşlər keçirib, həmçinin jurnalist araşdırmaları ilə məşğul olub:
“Mən hələ o zamandan Pakistan xalqının və dövlətinin Azərbaycan xalqını və dövlətini nə qədər çox sevdiyini öz gözlərimlə görmüşəm, hiss etmişəm. Mən Ermənistanla sərhədyanı bölgələri parlamentdə təmsil edən millət vəkillərindən biri kimi Azərbaycan xalqı adından Pakistan dövlətinə və Milli Assambleyasına öz təşəkkürümü çatdırmaq istəyirəm. Çünki Pakistan Milli Assambleyası Xocalı qətliamını soyqırımı aktı kimi tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin parlamentarilərinin bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir”.
Q.Paşayeva deyib ki, bu gün Pakistan həm də Ermənistanla diplomatik əlaqələr qurmayan tək-tük dövlətlərdən biridir.
“Biz Pakistan dövlətinin bu addımını da çox yüksək qiymətləndiririk və ona minnətdarlığımızı bildiririk. Çox istərdik ki, bir çox dövlətlər Azərbaycana münasibətdə qardaş və dost Pakistandan örnək, nümunə götürsünlər. Pakistan BMT və digər nüfuzlu beynəlxalq təşkilatlarda hər zaman Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. İnanıram ki, bu dəstək bundan sonra da davam edəcək”.
Millət vəkili sonda pakistanlı həmkarlarını təmsilçisi olduğu sərhədyanı Tovuz bölgəsinə səfərə dəvət edib və onun bu dəvəti müsbət qarşılanıb.

Modern.az