AXCP sədrinin müavini Fuad Qəhrəmanlı İctimai Palatanı prezident seçkiləri ilə bağlı struktur dəyişikliyi etməyə çağırıb
. Modern.az-ın məlumatına görə, F.Qəhrəmanlı İctimai Palatanın İcra aparatının yaradılmasının vacibliyini və qurumda tezliklə struktur dəyişikliyinin həyata keçirilməsinin səmərəli olacağını bildirib. AXCP rəsmisi həmçinin vurğulayıb ki, 2013-cü il prezident seçkiləri ilə əlaqədar İctimai Palatanın uğurlu mexanizmə ehtiyacı var.
“Qarşıdan 2013-cü il prezident seçkiləri gəlir. Buna görə də iqtidarın əsas alternativi kimi İctimai Palatanın daha çevik və səmərəli fəaliyyət mexanizminə sahib olmasına ehtiyac var. Bu məqsədlə İctimai Palatada bu günə qədər müxtəlif sahələrlə bağlı komissiyaların yaradılmaması başa düşülən deyil. Bu komissiyalar ayrı-ayrı sahələr üzrə İctimai Palatanın siyasətini işləyib hazırlamaqla yanaşı, qurumun ali orqanı olan sessiya üzvlərinin də toplantılararası dövürdə potensialından səmərəli istifadəyə imkan yaradardı. Ən vacib istiqamətlərdən biri kimi isə operativ fəaliyyəti təmin etmək üçün İctimai Palatanın icra aparatının yaradılması da çoxdan həlli gözlənilən məsələlər sırasındadır. Bu struktur dəyişiklikləri nə qədər tez həyata keçirilərsə bu birgə fəaliyyətimizin səmərəsini bir o qədər artırar”, - deyə AXCP sədrinin müavini bildirib.
Anar RÜSTƏMOV