Son günlər bəzi kütləvi informasiya vasitələrində Rafiq Tağıyevin qətlinin üstünün açılmaması, cinayət işinin istintaqının qeyri-obyektiv aparılması, həmçinin iş üzrə istintaqın dayandırılması ilə bağlı informasiyalar yayılıb.
Baş Prokurorluğun mətbuat xidməti bununla bağlı açıqlama verib, həmin məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az saytına bildirilib ki, “həmin məlumatlar cinayət işinin materialları ilə ziddiyyət təşkil etdiyindən tərəfimizdən təkzib olunur”.
“Belə ki, cinayət işi üzrə çoxsaylı istintaq-əməliyyat tədbirləri həyata keçirilmiş, o cümlədən zərərçəkmiş və şahid qismində 180-dən artıq şəxs dindirilmiş, habelə 10-a yaxın kompleks ekspertiza təyin olunaraq müvafiq rəylər alınmışdır. Bununla yanaşı Rafiq Tağıyevi Kliniki Tibbi Mərkəzə gətirmiş təcili yardım stansiyasının həkimləri, həmçinin müalicəsi ilə məşğul olmuş tibb işçiləri də dindirilmişlər.
Hadisədən əvvəlki və hadisə günlərində mərhumun hərəkət marşrutlarının tərtib olunmuş sxemi üzrə 43 videonəzarət kamerasının qeydə aldığı görüntülərin təhlili aparılmış, onlardan yalnız iki obyektə məxsus dörd videokamera işləməmişdir ki, bunun da səbəbi texniki nasazlıqlarla əlaqədar olmuşdur”-deyə E.Sultanov qeyd edib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri bildirib ki, Məhkəmə-Tibbi Ekspertizasının nəticələri göstərib ki, R.Tağıyevin ölümünün səbəbi onun bədəninə bıçaqla yetirilən xəsarətlər olub.
“Göstərilənlərlə yanaşı Rafiq Tağıyevin hüquqi varisi M.Tağıyeva və sonuncunun nümayəndəsi E.Sadıqov tərəfindən istintaqa daxil olmuş həyata keçirilməsi xahiş olunan ayrı-ayrı istintaq və prosessual hərəkətlərə dair vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.
Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyd edilən cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Modern.az