Modern.az

Qənirə Paşayeva dövlət qurumuna səsləndi: “Bu problem həll olunmalıdır”

Qənirə Paşayeva dövlət qurumuna səsləndi: “Bu problem həll olunmalıdır”

29 Noyabr 2012, 14:11

Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Gürcüstanda yaşayan azərbaycanlıların Dövlət Miqrasiya Xidməti ilə bağlı narazılıqlarına münasibət bildirib. Modern.az-ın məlumatına görə, deputat soydaşlarımızın üzləşdikləri problemlərin tezliklə aradan qaldırılması üçün Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi ilə görüşüb. Q.Paşayeva yaranan problemlərin ən qısa zamanda aradan qaldırılacağına ümid etdiyini bildirib.

“Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri kimi Gürcüstan azərbaycanlılarının problemini bir daha Dövlət Miqrasiya Xidməti rəsmiləri ilə geniş müzakirə etdim. Gürcüstan azərbaycanlıları olan soydaşlarımız dəfələrlə mənə müraciətlər ediblər və ortaya çıxan problemin həlli istiqamətində dəstək göstərilməsini istəyirlər. Son zamanlar bu müraciətlər getdikcə artır və açıq desəm günümün böyük bir hissəsi bu istiqamətdə insanların problemləri dinləmək və onlara kömək həlli yollarını axtarmaqla keçir. Bu məsələni bir neçə dəfə müvafiq qurumlar qarşısında qaldırmışam və Dövlət Miqrasiya Xidmətinin rəsmiləri ilə bu istiqamətdə yenə də müzakirə apardıq və Gürcüstan kökənli soydaşlarımızın bu istiqamətdə naratahlıqlarının həll olunmasının vacibliyini müzakirə etdik”, - deyə deputat vurğulayıb.

Q.Paşayevanın sözlərinə görə, Gürcüstan azərbaycanlılarının qaldırdıqları məsələyə siyasi rəng qatılmamalıdır. Deputat həmçinin məsələ ilə bağlı Dövlət Miqrasiya Xidmətində xahiş etdiyini bildirib:

“Qüvvədə olan qanun var və onun müddəaları həyata keçirilir. Gürcüstanda yaşayan soydaşlarımız istəyirlər ki, qanun tətbiq olunan zaman onlara müəyyən güzəştlər olunsun, onların Azərbaycanda qalma müddətinə müəyyən qədər güzəşt, yumşalma tətbiq edilsin. Bu qanundan xəbəri olmayan insanlara cərimələrin tətbiqi məsələsində və.s bəzi təkliflərlə çıxış edirlər. Mən də xahiş etmişəm ki, Gürcüstanda yaşayan soydaşlarımıza nə qədər mümkündür kömək edək. Ümid edirəm ki, bu məsələ yaxın günlərdə öz həllini tapacaq. Çünki Azərbaycan dövləti, cənab prezident İlham Əliyev hər zaman Gürcüstanda yaşayan soydaşlarımıza böyük diqqətlə yanaşıb və yanaşır. Azərbaycanın Gürcüstanla bağlı həyata keçirdiyi siyasətdə, layihələrdə, Azərbaycan tərəfindən bu ölkəyə qoyulan böyük investitsiyalarda, açılan iş yerlərində təbii ki, Gürcüstan vətəndaşı olan soydaşlarımız hər zaman böyük diqqət mərkəzində olur. Ona görə də mən ümid edirəm ki, soydaşlarımızın son günlər qaldırdıqları bəzi təkliflər də öz həllini tapa biləcək. Mən hətta bir qrup rəhbəri kimi Dövlət Miqrasiya Xidmətinin rəhbər işçilərindən xahiş etdim ki, Gürcüstan kökənli bir qrup soydaşımızı qəbul etsinlər. Onlar da sağ olsunlar qəbul etdilər və geniş müzakirələr oldu. Ümid edirəm ki, yaxın günlərdə bu istiqamətdə müsbət irəliləyişlər olacaq və soydaşlarımızı bu istiqamətdə narahat edən məsələlər öz həllini tapacaq. Bu məsələyə heç kimsə başqa bir siyasi rəng axtarmamaılıdır”.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?