“Qəbələ RLS-in bundan sonrakı aqibəti ilə bağlı işlər görüləcək. Bu istiqamətdə Azərbaycan tərəfi dövlət maraqlarına uyğun müvafiq addımn atacaqdır” Modern.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Rusiya Federasiyasının Qəbələ RLS-dən imtina etməsi və staniyanın bundan sonrakı aqibəti ilə ANS televiziyasının suallarını cavablandırarkən bildirib. XİN rəsmisinin sözlərinə görə, RLS-in fəaliyyətinin dayandırılmasında siyasi məqamlar yoxdur, məsələ sırf icarə haqqı ilə bağlı bağlıdır.
“Qəbələ RLS-in fəaliyyətinin dayandırılması Azərbaycan-Rusiya münasibətlərinə heç bir təsir etməyəcək. İki ölkə arasındakı münasibətlər daha geniş spektorda formalaşan münasibətlərdir. Bildiyimiz kimi, RLS-lə bağlı ölkələr arasında intensiv danışıqlar aparılırdı. Təəssüflər olsun ki, icarə haqqı ilə bağlı müəyyən razılığa gələ bilmədik. Bunun da nəticəsində Rusiya tərəfi Azərbaycana nota təqdim edərək imtina etdi. Burada siyasi məqamlar yoxdur, bu sırf icarə haqqı ilə bağlı məsələdir”,- deyə mətbuat katibi açıqlama verib.
E.Abdullayev daha sonra Qəbələ RLS-in ikinci dövlətə icarə əsasında istifadəyə veriləməsi haqda yayılan məlumatlara da münasibət bildirib. XİN sözcüsu vurğulayıb ki, bu haqda heç bir qərar yoxdur:
“Bu haqda heç bir qərar yoxdur. Rusiya tərəfinin RLS-dən imtina etməsindən sonra təbii ki, Azərbaycanın da bununla bağlı qərarı olacaq. Hesab edirəm ki, hazırda bunun haqda konkret nəticələr çıxarmaq doğru olmazdı”.
Stansiyanın bundan sonrakı aqibəti ilə bağlı suala cavabında E.Abdullayev bu istiqamətdə işlərin görüləcəyini bildirib və qeyd edib ki, atılacaq hər hansı addım Azərbaycanın dövlət maraqlarına uyğun olacaq.
Anar RÜSTƏMOV