2019-cu ildən Təhsil Nazirliyi yanında İctimai Şura yaradılıb. Şura nazirliyin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı əlaqəni gücləndirmək məqsədi daşıyır. Bu il dekabrın 9-da “Vətəndaş” Tədqiqat və inkişaf İctimai Birliyinin rəhbəri Günel Səfərova Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni sədri seçilib.
Şuranın keçmiş sədri Şahlar Əsgərov Modern.az -a açıqlamasında bildirib ki, namizədlər arasından 3-4 nəfəri tanıyıb.
Onun sözlərinə görə, tanıdığı şəxslər yaxşı təhsil işçiləridir:
“Qalan şəxslər haqqında fikir söyləyə bilmərəm. Ona görə mənim sözüm ekspert sözü olmaya bilər. Tanıdıqlarımı ona görə yaxşı təhsil işçisi adlandırıram ki, kitabları var, təhsilin problemlərini bilir, özü təhsil prosesinin içində olub və ekspert səviyyəsinə qədər yüksəlib. Bu səviyyəyə qədər gələn şəxs deməli, o qüsurları da görə biləcək. Orada tanıdığım adamlardan biri Fuad Məmmədovdur. Dəyərli ziyalı, bəlkə də ölkənin birinci mədəniyyətşünas alimidir. Eyni zamanda universitet müəllimi olduğu üçün bilirəm ki, təhsildə uğuru ola bilər”.
Ş.Əsgərov Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova haqqında fikirlərini bildirərkən qeyd edib ki, onu tanımır:
“Üzünü görmədiyim, bir məqaləsini oxumadığım insan haqqında fikir söyləyə bilməyəcəm. Bəlkə çox dəyərli bir insandır. Heç bir təsəvvürüm yoxdur. Bu bəlkə də mənim günahımdır ki, bu vaxta qədər onu tanımamışam”.