Təhsil Naziri son günlər bəzi məktəblərdə baş verən neqativ hallara münasibət bildirib.
Modern.az xəbər verir ki, Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda 4000-dən çox məktəb, 150 min müəllim çalışır, 1 milyon 600 min şagird təhsil alır.
Nazir qeyd edib ki, belə hadisələr olduqca Təhsil Nazirliyi müvafiq araşdırmalar aparıb qanun çərçivəsində həmin hadisələrə qiymət verir:
“Açıq neqativ hallarla bağlı hər zaman nazirliyin mövqeyi eyni olub. Yəni həmin hadisələr sona qədər araşdırılıb. Sistemin böyük olması səbəbindən hansısa müəllim, direktor və ya valideyn, eləcə də şagirdlər arasında konfliktin yaranması qaçılmazdır. Bunun qarşısını almaq təbii ki, bizim ideal arzumuzdur. Lakin real dünyada yaşayırıq və cəmiyyət də bizimlə birlikdə çalışmalıdır ki, belə hallar minimallaşsın və olmasın. Olduğu halda da Təhsil Nazirliyi mütəmadi olaraq müvafiq addımlar atır və hər il onlarla direktor işdən ayrılır, rayon-şəhər təhsil şöbə müdirlərinin müvafiq qaydada əmək müqavilələrinə xitam verilir".
Nazirin sözlərinə görə, burada söhbət 5-10 məktəbdən yox, 4 400-dən çox məktəbdən söhbət gedir:
“Hər direktorun da 3-4 müavini var. Bu kifayət qədər mürəkkəb prosesdir və hər gün insanlar arasındakı ünsiyyətdən danışırıq. Milyonlarla insanın ünsiyyətində müəyyən neqativlər ola bilər. Hər bir məsələ araşdırmalı və nəticəsi barədə də ictimaiyyətə geniş məlumat verilməlidir".