“Ölən şəxsə ehsanın verilməsi vacib deyil”. Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri Hacı Mirəziz Seyidzadə deyib. QMİ rəsmisi bildirib ki, dünyasını dəyişən mərhuma vacib olan qüsul, kəfən, namazdır. Əgər ölən şəxsin kiməsə borcu varsa, onun yaxınları həmin adamdan halallıq almalıdırlar.
Hacı Mirəziz Seyidzadə qeyd edib ki, QMİ rəsmiləri dəfələrlə tədbirlərdə, konfranslarda qeyd edib ki, ölüyə ehsanın verilməsi, yaxud da 3-7-40 mərasiminin keçirilməsi vacib deyil.
“Amma yenə də vəfat edənlərin yaxınları, yaxud da övladları bu tövsiyələrə əməl etmir, bir gün də olsa, öz ölüsünə ehsan verirlər. Biz həmin adama zorla deyə bilmərik ki, bu qadağan olunub, sən ehsan verə bilməzsən. Ölən şəxsin yaxınlarının ürəyindən keçir, öz ölüsünə ehsan verir”.
QMİ rəsmisinin sözlərinə görə, Türkiyədə Diyanet İşləri Başkanlığı tərəfindən ehsan verilməsinin qadağan olunması istiqamətində atılan addım Azərbaycanda daha əvvəl edilib. “Biz çoxdandır deyirik ki, ölən şəxsə ehsan vermək vacib deyil. Türkiyə əslində bunun ləğv olunması təşəbbüsünü bizdən sonra atıb”.
Mail Ağaxanov