Xəbər verdiyimiz kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə 19-21 dekabrda Bakıda “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunu keçirəcək. Foruma dünyanın müxtəlif ölkələrinin din siyasətilə məşğul olan rəsmi şəxslərin, dinşünasların, ilahiyyatçıların qatılacağı gözlənilir.
Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dəvət olunan qonaqlar arasında Türkiyə, Misir, İran, İordaniya, Malaziya, Küveyt kimi müsəlman ölkələri ilə yanaşı,İngiltərə, Fransa, ABŞ və Rusiyadan din sahəsi üzrə çalışan din xadimləri, rəsmi şəxsvə mütəxəssislər qatılacaqlar.
Forumda Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Mehmet Görməz, İran İslam İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad, Küveyt Vəqflər və İslam İşləri nazirinin müavini Adel əl Fəlah, Misir Ərəb Respublikası Vəqflər nazirinin müavini Camal Abdul Səttar Məhəmməd və başqa rəsmi şəxslərlə yanaşı, çox milyonlu teleauditoriyası olan tanınmış ilahiyyatçı Nihat Hatipoğlu, İstanbul Patriarxıyasının Mitropoliti Nikitas, MDB Dinlərarası Şurasının İcraiyyə Komitəsinin həmsədri Şafiq Pşixaçev, ABŞ-ın Kaliforniya Universitetində (UCLA) “Hillel” Yəhudi Mərkəzinin direktoru Xaim Saidler Feller,məşhur politoloq Heydər Camal da daxil olmaqla din sahəsində tanınmışadların Beynəlxalq Foruma qatılacağı gözlənilir.
“Tolerantlıq: konsepsiya və ictimai baxış”, “Dövlət-din münasibətlərində müasir meyllər”, “Milli və dini kimliyin vəhdəti: dövlət-din münasibətlərinin Azərbaycan modeli”, “Tolerantlıq və ifadə azadlığı”, “Universal Dialoq axtarışında” adlı 5 plenar iclasın keçiriləcəyi Beynəlxalq Forum çərçivəsində qonaqlarİçəri şəhərdə dini-mədəni abidələrlə tanış olacaq, “Tolerantlıq ünvanı - Azərbaycan” adlı foto sərgidə iştirak edəcəklər. Forumun sonunda Bakı Xartiyasının qəbul olunacağı gözlənilir.
Modern.az