“Onlara gəmi lazım idi, balıqçılar yox...”
Bir müddət əvvəl Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov “Uran” gəmisində həbs edilmiş dörd azərbaycanlını əfv etsə də, gəmi Azərbaycan tərəfinə qaytarılmayıb.
“Qlobus-5” İKF şirkətinin direktoru Əvəz Babayevin Modern.az-a verdiyi məlumata görə, gəmi Türkmənistan tərəfindən müsadirə olunub. Onun sözlərinə görə, elə Türkmənistana da “Uran” lazım idi:
“Belə olmasaydı, qanunsuz olaraq sərhəd sularını pozduqları əsas gətirilərək həbs olunan gəmi heyətinə 8 il həbs kəsib, 8 gündən sonra əfv etməzdilər. Necə olur ki, sərhəd sularının qanunsuz keçdiyini deyib onları həbs edirlər və üstündən bir az keçməmiş əfv edirlər. Deməli onların heç bir qanunsuz hərəkəti olmayıb. Sadəcə olaraq onlara gəmi lazım idi. Vəssalam”.
Gəminin Türkmənistan tərəfindən müsadirə olunduğunu söyləyən Əvəz Babayev onun Azərbaycana qaytarılması üçün hökumətə müraciət edəcəyini deyib.
Qeyd edək ki, “Qlobus-5” İKF-də icarədə olan PTR-50 tipli “Uran” gəmisi Xəzər dənizinə bütün liman nəzarətindən və sərhəd xidmətinin komissiyasından keçərək kilkə balığının ov rayonlarında olmasının yoxlanılması üçün çıxsa da, 21 oktyabr 2012-ci il tarixində saat 11-radələrində Türkmənistan Dəniz Sərhədçiləri tərəfindən Türkmənistan Respublikasının daxili sularında 30 dəniz mili aralığında qanunsuz olaraq heç bir əsas gətirilmədən Türkmənbaşı limanına aparılmışdı. Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov dekabrın 12-də “Uran” gəmisində həbs edilmiş dörd azərbaycanlını əfv etsə də, gəminin taleyi naməlum olaraq qalır.
Gültəkin Ələsgər