“Əfv Komissiyasının ilkin iclası yaxın günlərdə baş tutacaq”. Bu barədə Modern.az-a Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, əməkdar müəllimə Cəmilə Ramazanova deyib. O bildirib ki, Əfv Komissiyasının ilkin iclas vaxtı hələ müəyyənləşməyib.
C. Ramazanovanın sözlərinə görə, iclas çox güman ki, bu, yaxın günlərdə baş tutacaq.
Əfv Komissiyasının ilkin iclas vaxtı ilə bağlı rəsmi məlumat verilmədiyini söyləyən Cəmilə Ramazanova onu da bildirib ki, əfvlə bağlı siyahı da hələ ki, hazır deyil.
“Çünki Komissiyanın ilkin iclası olmayıb. İclasın vaxtı ilə bağlı da rəsmi heç bir məlumat verilməyib. Ona görə də iclas olandan sonra siyahı hazırlanacaq. Və bundan sonra həmin siyahıya baxılacaq. Odur ki, bu barədə nə isə demək tezdir”, – deyə C. Ramazanova bildirib.
Qeyd edək ki, prosedura görə, Əfv Komissiyasına daxil olan müraciətlərə fərdi qaydada baxılır. Komissiya üzvləri mövqelərini bildirir və məsələ konsensus yolu ilə həll olunur. Üzvlərdən kimsə işinə baxılan məhkumun əfvi ilə razılaşmırsa və buna açıq formada etiraz edirsə, onda məsələ səsverməyə çıxarılır. İclasda iştirak edənlərin yarıdan çoxu lehinə səs verərsə, həmin məhkumun adı əfv siyahısına salınır.
Komissiyanın hazırladığı siyahı tövsiyə xarakteri daşıyır. Siyahı prezidentə təqdim olunur. Konstitusiyaya görə, əfv sərəncamı imzalamaq prezidentin müstəsna hüququdur.
Gültəkin Ələsgər