Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu bu gün məhkəmədə ifadə verib. Bu barədə Modern.az saytına Müsavat başqanının müavini Tofiq Yaqublu bildirib. Hazırda məhkəmə prosesinin fasiləyə ayrıldığını deyən T.Yaqublu vəkillərin yenidən vəsatət qaldırdıqlarını bildirib. Onun sözlərinə görə, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə ifadə verən Nigar Yaqublu qəzanın necə baş verdiyi haqda geniş məlumat verib.
O, bildirib ki, qəza VAZ-2107 markalı avtomobilin ucbatından baş verib. Cinayət işinin materiallarından danışarkən Nigar Yaqublu deyib ki, işə ona tanış olmayan, əvvəlcədən heç görmədiyi detallar əlavə olunub. T.Yaqublu həmçinin qeyd edib ki, prosesdə qəza baş verən zaman kameraların yaddaşına düşmüş videoyazı nümayiş etdirilib.
Xatırladaq ki, N.Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı həbs olunub.
***
Nigar Yaqublunun məhkəmə prossesi başa çatıb. Modern.az-ın məlumatına görə, gənc fəalın növbəti məhkəməsi 19 dekabr saat 14:30 tarixinə təxirə salınıb.
Anar RÜSTƏMOV