Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun açılışında iştirak edib. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, açılış mərasiminə qatılan ölkə başçısı mərhum prezident Heydər Əliyevin zavodun həyətində ucaldılmış büstü önünə gül dəstəsi qoyub.
Prezident daha sonra zavodda yaradılmış şəraitlə tanış olub. Müdafiə sənayesi naziri Yavər Camalov dövlət başçısına məlumat verib ki, zavodun yaradılmasında əsas məqsəd atıcı silahların kütləvi istehsalının təşkili və modernləşdirilməsi istiqamətində elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin aparılması, xüsusi standartlara uyğun sınaq metodikaları və proqramlarının tələblərinə cavab verən nümunələrin hazırlanmasıdır.
Bildirilib ki, zavod 1990-cı ildə Bakı Aviasiya İstehsalat Birliyinin “Klimat” Konstruktor Bürosu kimi fəaliyyətə başlayıb, lakin lazımi avadanlıq, texniki vasitələr və kadrlarla təmin edilməyibdir. Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra isə Konstruktor Bürosunun fəaliyyəti təkmilləşdirilibdir.
Diqqətə çatdırılıb ki, müəssisə tamamilə yenidən qurulmuş, yeni inzibati bina və müasir tələblərə cavab verən istehsal, sınaq nümunələrinin yığım sahələri yaradılıb, zəruri avadanlıqla təmin edilibdir. Müəssisənin həyətində geniş abadlıq işləri aparılıb.
Prezident İlham Əliyev müəssisənin inzibati binasındakı Heydər Əliyev Muzeyində, tədris otağında, konstruktor şöbəsində yaradılmış şəraitlə tanış olub.
Daha sonra Azərbaycan Prezidenti zavodun emal sahəsində istehsal prosesini izlədi, yığma sahəsində silahların və hərbi texnikanın nümunələrinə baxıb.
Dövlət başçısı xüsusi təyinatlı “Gürzə” patrul maşınını idarə etdi. Prezident İlham Əliyev zavodda yaradılmış şəraitdən razılığını bildirib, müvafiq tövsiyə və tapşırıqlarını verib.
Modern.az