Milli Məclisin növbəti iclasında “Mədəniyyət haqqında”qanunun son-üçüncü oxunuşda qəbul ediləcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, qanunda ilk dəfə olaraq restitutsiya prinsipi mədəniyyət sahəsində dövlət siyasətinin bir prinsipi kimi təsbit edilir.
Milli Məclisin Mədəniyyət komitəsisinin üzvü, təklifin ideya müəllifi Leyla Abdullayeva Modern.az-a bu prinsipin əhəmiyyətindən danışıb: “Məlumdur ki, xalqımız böyük tarixi, mədəni dəyərləri olan mədəniyyət obyektlərini, sərvətlərini min illər boyu yaradıb. Lakin, tarix elə gətirib ki, ölkəmiz heç də həmişə bugünkü kimi müstəqil və güclü olmayıb. Bunun nəticəsidir ki, bizə məxsus olan milli, mədəni sərvətlərimiz bu gün dünyanın müxtəlif ölkələrində saxlanılır. Bu gün dünyanın ən məşhur muzeylərində bizə məxsus olan mədəni sərvətlər nümayiş etdirilir. Ən təəssüf doğuran məqam isə ondan ibarətdir ki, bir sıra hallarda bu obyektlər heç də Azərbaycan adı ilə deyil, başqa ölkələrin adı ilə nümayiş olunur. Bu gün bizim “Şeyx Səfi” xalçamız Londonun “Viktoriya və Albert” muzeyində, Gəncə darvazaları Gürcüstanda saxlanılır.
Qanunun 64-cü madddəsi “Azərbaycan Respublikasının xarici dövlətlərdə mədəniyyət sərvətləri” adlanır və məhz bu məsələyə həsr edilib. Bu maddədə Azərbaycandan Respublikasından qeyri-qanuni çıxarılmış mədəni sərvətlərin geriyə qaytarılmasınıın vacibliyi vurğulanır və göstərilir ki, dövlətimiz Azərbaycandan Respublikasından qeyri-qanuni çıxarılmış mədəni sərvətlərin geriyə qaytarılmasına dair məqsədyönlü siyasət aparır”.
Modern.az