İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib. Toplantıda quruma aid məsələlər və ölkə gündəmindəki bir sıra mövzular müzakirə olunub. Bu barədə mətbuata İP KŞ-nin dönəm sədri Rauf Arifoğlu məlumat verib.
Modern.az "Azadlıq"a istinadla bildiri ki, qərarların icrası vəziyyəti barədə İP KŞ üzvü Vidadi Mirkamal məlumat verib. Burada əsas mövzu bir müddət öncə qəbul olunmuş “Seçki memorandumu”nun imzalanmasının və təqdimatının hansı səbəbdən gecikdirilməsi olub. İP KŞ məlumatları dinləyərək, mövzu ətrafında aparılan bundan əvvəlki müzakirələri nəzərə alaraq, qərar qəbul edib. Rauf Arifoğlu qərarın məzmunu belə ifadə edib: “İP KŞ müstəqil hüquqşünasların və seçki mütəxəssislərinin seçki islahatları ilə bağlı hazırladığı sənədi bəyəndiyini bir daha ifadə edib. İP KŞ bu sənədin seçkilərin demokratik keçirilməsində maraqlı olan bütün partiya və təşkilatlar tərəfindən imzalamasının mümkün qədər sürətləndirilməsini məqsədəuğyğun hesab edir”.
Daha sonra qurumun prezident seçkilərinə və İP daxili islahatlar paketinə dair ötən iclaslardan başlayan müzakirələri davam etdirilib. Konsensus axtarışları üçün təqdim olunan təkliflər bir daha nəzərdən keçirilib, yeni təkliflər müzakirə edilib. Yekunda konsensusa gəlmək mümkün olub. Koordinasiya Şurası 2013-cü il prezident seçkilərində iştirakla bağlı qərar verib.
Qərara alınıb ki, İP KŞ-yə növbəti seçkilər islahatların (vətəndaş cəmiyyətinin bu qurumda təmsilşiliyi məsələləri) aparılmasından sonra keçirilsin; qərar İP-in növbəti sessiyasına təqdim olunsun.
İctimai Palatanın sessiyası yanvarın 5-ə təyin edilib.
İP KŞ Müsavat Partiyasının fəal üzvü Nigar Yaqubluya ağır cəza verilməsi məsələsinə kəskin etirazını bildirib. Koordinasiya Şurası hesab edir ki, məhkəmənin bu qərarı iqtidarın qərəz və müdaxiləsinin nəticəsidir, adekvat deyil və mütləq pislənməlidir. İP KŞ hesab edir ki, gənc bir xanımı başına gələn avtoqəzaya görə bu cür ağır cəzalandırmaq hakimiyyətin qisasçılığının, kəmfürsətliyinin, gənclərin fəallığına dözümsüzlüyünün təzahürü olmaqla yanaşı, xalqımızın dəyərlərinə zidd mövqeyinin sübutudur.
İP KŞ milli azadlıq hərəkatının liderlərindən olmuş Nemət Pənahlının həbsxanadan yazdığı məktubun araşdırılmasını tələb etməklə yanaşı, vurğulayıb ki, N.Pənahlı və digər siyasi dustaqların həyatına məsuliyyəti mövcud hakimiyyət daşıyır.
Bunlardan başqa, qərara gəlinib ki, dekabrın 25-də İP-in ölkədəki korrupsiya, rüşvətxorluq məsələləri və video-qalmaqallarada ortaya çıxan faktlarla bağlı dəyirmi masası keçirilsin.
Modern.az