Bir neçə gün əvvəl Təhsil Nazirliyi qış tətilində tələbə köçürmələrinin həyata keçirilməyəcəyini açıqlayıb. Bununla bağlı mediaya açıqlama verən Təhsil nazirinin müşaviri Nicat Məmmədlinin fikrincə, əvvəlki illərdə qış tətili dövründə həyata keçirilmiş tələbə köçürmələrinin təhlili göstərir ki, bütün bu prosedurlar çox zaman tələb edir və yaz semestrinin başlanğıcında köçürülmüş tələbələrin bir qisminin yeni ali təhsil müəssisəsi və ya ixtisasda dərslərə başlaması problemə çevrilir. Bundan əlavə, köçürülmə prosesinin gec başa çatması təqaüd alacaq tələbələrin müəyyən olunmasını da çətinləşdirir.
Bəs tələbə köçürülmələrinin dayandırılması hansı problemləri yaradacaq?
Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, statistika üzrə yay aylarında transfer sayı daha çox olur. Ekspert buna görə tələbələri narahat olmamağa çağırıb:
“Qış semestri üzrə transferlərin olmaması ilə əlaqədar Təhsil nazirinin müşavirinin açıqlamasındakı səbəblər kifayət qədər obyektivdir. Çünki bu il semestr gec başladı və bəzi universitetlərdə semestrin müddəti uzadıldı. Statistikaya baxdıqda isə yaydakı transferlərin daha çox olduğunu görərik. Ancaq qış sesiyasında da müraciət edənlər az olmayıb. Obyektiv səbəb olduğuna görə, böyük bir problem olmayacaq. Bu addım atılıbsa, demək, düşünərək atılıb. Tələbələr narahat olmasın, böyük problem yaranmayacaq. Dünyada köçürmə planları olan sistemlərdə ildə bir dəfə və yay ayında həyata keçirilir. Xüsusilə viza ilə əlaqədar tələbənin başqa ölkəyə getmsi ilə bağlı xərclər bir illik hesablanır. Transferin ildə bir dəfə olması dünyada daha əhəmiyyətlidir. Ancaq bu şəkildə humanistlik göstərərək ildə iki dəfə edilirdi. Yəqin, gələcəkdə də bu formada davam edəcək”.