Bu gün Xalq artisti, tanınmış aktyor, rejissor, “İlham” Miniatür Teatrının direktoru və bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada sənəti kafedrasının müdiri İlham Namiq Kamalın ad günüdür. Aktyorun 64 yaşı tamam olur. Bu səbəbdən də Modern.az-ın “Ad Günü” rubrikası İlham Namiq Kamala həsr olunub.
Aktrisa, Azərbaycanın Xalq artisti Həmidə Ömərova İlham müəllimə öz təbrikini saytımız vasitəsilə çatdırıb:
“Onun xətrini çox istəyirəm, çox gözəl insandır. Əhvalım lap pis olanda belə, mən bu insanı görəndə qəm kədərimdən əsər-əlamət qalmır, çünki kədərli olanda da ondakı optimizm mənə də sirayət edir. Mən ona möhkəm can sağlığı arzu edirəm. Arzu edirəm ki, yeni yaradıcılıq uğurları ilə bizi sevindirsin, tamaşaçılarını təəccübləndirən bir obrazla çıxış etsin. Bundan sonra aktyora nə lazımdır? Birinci, möhkəm can sağlığı, birdə ki yaradıcılıq uğurları. Mən bunların hər ikisini ona arzu edirəm, çünki indi onun xoşbəxtliyi də var, gözəl ailəsi də var. Hər şeyi ona arzulamaq olar, amma aktyor üçün həmişə vacib olan iki şey – möhkəm can sağlığı və bir də yaradıcılıq uğurlarıdır. Həm yaxşı insan, həm dost, həm də səmimi qəlbli və insanlara böyük sevgi gətirən bir şəxsiyyət kimi bu arzuları ona diləyirəm”.
Təbriki çatdırmaqda vasitəçilik etdi: Nihadə Eyyubova