Modern.az

Bakıda səfillərə sığınacaq yaradılacaq - nazirlik rəsmisi

Bakıda səfillərə sığınacaq yaradılacaq - nazirlik rəsmisi

9 Yanvar 2013, 17:21

Bakıda bu qış mənfi temperatur qeydə alınan kimi paytaxtın müxtəlif yerlərində səyyar sığınacaqlar yaradılacaq. Bunu Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov deyib. O bildirib ki, havalar soyuyan kimi səyyar sığınacaqların salınması nəzərdə tutulur. Onun sözlərinə görə, bunun üçün artıq nazirlik tərəfindən lazımi tədbirlər görülüb. Bütün avadanlıqlar və təchizat hazırdır.
“Hər il qış aylarında havalar kəskin soyuyan kimi daimi yaşayış yeri olmayan şəxslər üçün səyyar sığınacaqlar yaradılır. Həmin məsələ bu qış mövsümündə də qüvvədədir. Mənfi temperatur qeydə alınan kimi səyyar sığınacaqlar yaradılacaq”, – deyə şöbə müdiri bildirib.

Nazirlik rəsmisi onu da bildirib ki, səyyar sığınacaqlar ehtiyac olacağı təqdirdə arta da bilər. 

İ.Məmmədov bu cür sığınacaqların gündə 3 dəfə yemək, isti su və ilk tibbi yardım xidməti ilə təmin olunacağını da söyləyib. Onun sözlərinə görə, Nazirlik evsizlər üçün səyyar sığınacaqlar salmağa tam hazırdır. Şöbə rəhbəri keçən il Bakının 5 rayonunda bomjlar üçün səyyar sığınacaqların salındığını bildirib. O, qeyd edib ki, bu qış da ehtiyac və müraciətlərdən asılı olaraq səyyar sığınacaqların sayı arta da bilər.
“Bu il əgər temperatur aşağı düşsə, dözülməz soyuqlar olsa, və müraciətlər olan kimi səyyar sığınacaqlar salınacaq. Səyyar sığınacaqların qurulması üçün bizdə bütün avadanlıqlar hazırdır”. 

Qeyd edək ki, bu gündən havalar kəsin soyuyacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların kəskin soyuması ilə bağlı əhaliyə xəbərdarlıq da edib.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi