Modern.az

Sinoptiklərin proqnozundan sonra Nəqliyyat Nazirliyində xüsusi qərargah yaradılıb

Sinoptiklərin proqnozundan sonra Nəqliyyat Nazirliyində xüsusi qərargah yaradılıb

9 Yanvar 2013, 18:32

Küçələrin qardan təmizlənməsi üçün 2000 ton texniki duz tədarük edilib, 2950 texnika saz vəziyyətə gətirilib...

“Yanvarın 9-dan başlayaraq axşam saatlarından havanın soyuyacağı, yolların buz bağlayacağı proqnozu verilib. Ənənəvi problemləri yaşamamaq üçün yolların qardan təmizlənməsi və nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün Nəqliyyat Nazirliyində Qərərgah yaradılıb”.

Bu barədə Modern.az-a Nəqliyyat Nazirliyi yanında “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. O, bildirib ki, qarlı-şaxtalı havada nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək üçün növbətçilik təşkil olunub:

“24 saat ərzində avtomobil yollarındakı vəziyyət, görülən işlər barədə daim həmin növbətçilərə məlumat verilir. Bu da operativ növbətçilər tərəfindən qeydə alınır. Bütün proses Nəqliyyat Nazirliyinin tam nəzarətindədir. Qarlı-şaxtalı hava şəraitində problemlərin yaranmaması üçün kifayət qədər texnika, material və işçi qüvvəsi var. Əgər qarlı hava şəraiti baş verərsə, bütün işçi heyət iş başında olacaq”.

ASC rəsmisi küçələrinin qardan təmizlənməsi üçün 2000 tona yaxın texniki duz tədarük edildiyini, 2950 texnikanın saz vəziyyətə gətirildiyini söyləyib. O, bildirib  ki, bu tədarük ilkin mərhələdir. Mürsəliyevin sözlərinə görə, qarlı hava şəraiti bir neçə gün davam edərsə, bu ehtiyat daha da artırıla bilər. 

Bakı şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəis köməkçisi Sabit Əzizov isə bildirib ki, yollardakı vəziyyətə və qardan təmizlənməyə Nəqliyyat Nazirliyi baxdığından yolların qardan təmizlənməsi üçün nazirliyə kömək lazım olanda İcra Hakimiyyəti də bu işdə onlara yardımçı olur.  

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi