“Hazırda həbsdə olan eks-səhiyyə naziri Əli İnsanov İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə müraciət edərək qurumun sədri ilə görüşmək istəsə də, buna imkan yaradılmayıb”.
Bu barədə Modern.az-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib. O bildirib ki, 2012-ci ildə işgəncə və qeyri-insani rəftarla bağlı Komitəyə 141 nəfər müraciət edib. Bu müraciətlər isə işgəncəyə məruz qalan insanların özləri, onların valideynləri, qohumları və vəkilləri tərəfindən daxil olub:
“Amma bununla bağlı müvafiq orqanlara müraciət ünvanlayanda onların cavabları “fakt öz təsdiqini tapmadı” kimi olur”.
Komitə sədri onu da bildirib ki, ötən il işgəncəyə məruz qalanlar arasında 10 nəfər qadın, iki nəfər Gürcüstan vətəndaşı və Gəncədəki SOS uşaq evində tərbiyəçi tərəfindən döyülən bir uşaq da var. Komitə olaraq uşağın döyülməsi ilə bağlı baş prokuror Zakir Qaralova müraciət edilib.
E.Behbudovun sözlərinə görə, ötən il 4 nəfər işgəncə qurbanı olub. Belə ki, 4 nəfər qapalı şəraitdə vəfat edib: “İşgəncəyə məruz qalanlardan biri Göygöl rayonunda ruhi internat evində dünyasını dəyişib. Mərhumun anası onun işgəncə verilərək öldüyünü bildirib. Qalan 3 nəfər isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təcridxanalarında intihar ediblər. Komitəyə müraciət edənlər arasında kifayət qədər tanınmış, üzdə olan şəxslər də var. Həmin şikayətçilər arasında siyasi partiyanın nümayəndələri, jurnalistlər, icazəsiz mitinqlərdə iştirak edənlər, gənclər təşkilatlarından olanlar da var”.
Ən sonuncu şikayətin isə Nemət Pənahovun həyat yoldaşı tərəfindən olduğunu deyən Elçin Behbudovun sözlərinə görə, hətta hazırda həbsdə olan eks-səhiyyə naziri Əli İnsanov da İşgəncələr Əleyhinə Komitəyə müraciət edərək onunla görüşmək istəyib. Amma buna imkan yaradılmayıb. Buna görə eks-səhiyyə naziri Avropa Şurası İnsan Haqları üzrə Məhkəməyə müraciət edib. Komitəyə daxil olan 141 müraciətdə Dövlət Neft Şirkətindən, hərbi hissələrdən, saxlanma təcridxanalarından, Nəqliyyat Nazirliyinin Müfəttişliyindən şikayət edənlər də olub: “Hərbi hissələrdə 4 nəfər işgəncəyə məruz qalıb. Bu bizə olan müraciətlərin sayıdır. Müraciət etməyənlər də olur. Bəziləri özlərində cəsarət tapıb bizə müraciət edirlər. Bəziləri sonradan vəziyyətin daha da pisləşəcəyindən qorxur. Ona görə də şikayət etməyə risk etmirlər”.
Komitə sədri onu da bildirib ki, 2013-cü ilin sonunda Avropa Şurasının İnsan Haqları üzrə Komissiyasında Azərbaycanın hesabatı dinləniləcək. İşgəncələr əleyhinə Komitənin sədri kimi o, də həmin dinləmələrdə iştirak edəcək. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin komitəyə qoyduğu qadağa da həmin dinləmədə öz əksini tapacaq.
Gültəkin Ələsgər