Modern.az-ın “Ad günü” rubrikası bu dəfə şair Baba Vəziroğluna həsr olunur. 59 yaşı tamam olan şairi Xalq artisti Ağadadaş Ağayev təbrik edib:
“Baba Vəziroğlunu – əziz qardaşımı, dostumu, gözəl sənətkarı, böyük ürəyi olan bir şəxsiyyəti təbrik edirəm. Yaxşı ki, o, dünyaya gəlib. Mən deyərdim ki, cədvəl tutulsa, Azərbaycanda onunla ən çox işləyən mənəm, çünki onunla bir çox mahnılar işləmişik. Baba ilə yaradıcılıq əlaqələri o qədər bizim üçün düşərli olub ki, mahnılarımızın hamısı da populyar olub. Sonuncu “Sən oldun” - sözləri Baba Vəziroğlunun, musiqisi mənim olan bu mahnı da məşhurlaşdı. Onun əli bərəkətli, ürəyi-qəlbi düz gözəl bir qardaşdır. Onu təbrik edirəm, gələcək yaradıcılıq uğurları arzu edirəm. O, bütün uğurlara demək olar ki, imza atıb. Amma hər halda sənətkar o imzadan sonra başqa nəsə özünə arzu edir. Sənətin zirvəsini arzu edir. Bu gün mənim də şəxsiyyət vəsiqəmin ad günüdür. Görürsünüz də qəlbdən-qəlbə yol var. 20 ildir ki, bizim dostluq əlaqələrimiz var, mən onu bir daha təbrik edirəm”.
Təbriki çatdırmaqda vasitəçilik etdi:
Nihadə Eyyubova