Modern.az

Dağ rayonlarının hazırki durumu necədir? - Millət vəkilləri: “Ciddi problem yoxdur”

Dağ rayonlarının hazırki durumu necədir? - Millət vəkilləri: “Ciddi problem yoxdur”

10 Yanvar 2013, 16:53

Qış şaxtalı hava və qarı ilə insanlara, xüsusilə uşaqlara sevinc bəxş etsə də, eyni zamanda müəyyən çətinliklər və problemlər də gətirir. Yollar, xüsusilə dağ yollarının buz bağlaması və ya çox qar yağmasından yolların bağlanması, işıq və ya qaz verilişində fasilələrin yaranmasına səbəb olur.

Son günlər ölkədə şaxtalı hava şəraiti dağlıq rayonlarda hansı fəsadlar törədib?

Yardımlıdan seçilən millət vəkili Sabir Rüstəmxanlı Modern.az saytına açıqlamasında bildirib ki, o, bir müddət ölkədə olmadığı üçün rayonda olanlar barəsində tam təfərrüatı ilə heç nə deyə bilməz. “Yeni yaranmış xüsusi problem yoxdur. Dağ rayonları üçün xarakterik çətinliklər Yardımlıda da var. Əsas yol problemidir, qar çox yağanda elektrik enerjisinin verilməsində də problem yaranırdı. İndi işıq problemi nisbətən həll edilib. Bundan əlavə, istiliklə bağlı problem var. Məsələn, yeni məktəblər tikilib, amma istilik sistemi çəkilməyib və köhnə qayda da odunla qızdırılır. Dağ rayonlarına xarakterik çətinliklərdir, belə xüsusi çətinlik yoxdur”.

Gədəbəy rayonundan seçilən millət vəkili Sevinc Hüseynova bildirib ki, rayonda qarın qalınlığı 20 sm-dir. “Amma bu Gədəbəydə heç bir problem yaratmayıb, çünki yollar təmizlənib, gediş-gəliş təmin olunub, qaz və elektrik enerjisinin verilməsində də heç bir fasilə yaranmayıb. Məktəblərdə də öz qaydasında dərslər davam edir”.

Daşkəsən rayonundan seçilən millət vəkili Mübariz Qurbanlı: “Təbiətin yaratdığı təbii çətinliklər dünyanın hər yerində müşahidə olunur. Şaxtalı havalarda, qar yağanda, küləkli yağış müşahidə olunanda gediş-gəlişlə bağlı problemlər yaranır. Azərbaycanda iqlim o qədər sərt keçmir. Amma dağ rayonlarında, xüsusilə də seçildiyim Şəmkir və Daşkəsən rayonlarında, xüsusən sonuncu da qış sərt üzünü göstərir. Amma Daşkəsən rayon icra hakimiyyəti ilə görüşlərdə məlum oldu ki, rayonda mümkün fəsadların qarşısının alınması üçün əvvəlcədən tədbirlər planı hazırlanıb, və problemlərin qarşısının alınması üçün işlər görülüb. Xüsusilə qar çox yağarkən əlaqə kəsilməsi mümkün kəndlərlə əlaqə yaradılması, enerji təchizatının davamlı olması və ya başqa sahədə işlər görülüb. Rayonda hazırda vəziyyət stabil, sabit və normaldır”.

Balakəndən seçilən millət vəkili Rəbiyyət Aslanova bildirib ki, qar və şaxtalı hava şəraiti rayonda heç bir fəsad yaratmayıb. “Hər fəslin öz gözəlliyi var. Əgər jurnalistlər rayona gəlsələr görərlər ki, yollar, infrastruktur necə yaxşıdır. Buna hazır olmaq lazımdır. Əgər burada fəsadların olduğunu qeyd edən jurnalistlər varsa, onlara məsləhətim bura gəlib vəziyyət ilə yaxından tanış olsunlar”.

Zaqataladan seçilən millət vəkili Kamilə Əliyeva bu gün səhər saatlarında rayonda köməkçisi ilə əlaqə saxladığını və orada da qarın yağmaqda davam etdiyini bildirib. “Hazırda orada qar yağmaqda davam edir. Elektrik enerjisinin verilməsində müəyyən vaxtlarda fasilələr yaranıb, elektrik naqillərinin qırılması olub, amma tez bir zamanda da bərpa olunub. Eləcə də qazın verilməsində də müəyyən fasilələr müşahidə olunub. Amma elə ciddi problem yoxdur, hər şey öz axarı ilə davam edir”.

Lerik rayon icra başçısının köməkçisi, rayon Fövqəlada Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, Lerik adi günlərindən birini yaşayır. “Rayonda qar hardasa 20-30 sm yaxındır. Ciddi problemlərimiz yoxdur. elektrik enerjisinin verilməsində müəyyən problemlər yaranmışdı. Hazırda 7-8 kəndimizdə işıq yoxdur, onun da bərpa edilməsi istiqamətində işlər davam edir. Hardasa günün sonuna kimi həmin kəndlərə elektrik enerjisi veriləcək. 10 kəndimizə qaz xətti çəkilib ki, hazırda bununla bağlı problem yoxdur. Dərslər isə adi qaydada davam edir”.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi