“Müxalifətlə iqtidar arasındakı gərginlikdən xarici qüvvələr Azərbaycana qarşı istifadə edəcəklər. Belə gedərsə vəziyyət daha da gərginləşəcək.Hakimiyyət Azərbaycanın sabitliyinin qorunub saxlanması üçün ciddi addım atmalıdır” Bu fikirləri politoloq Elxan Şahinoğlu seçkiyə doğru Azərbaycan müxalifəti ilə iqtidar arasında yaranan gərgin siyasi münasibətləri Modern.az-a şərh edərkən bildirib. Seçki ilinin proqnozlaşdırıldığı kimi gərgin başladığını deyən politoloqun fikrincə, Azərbaycanı qarşıda daha gərgin vəziyyət gözləyir:
“Proqnozlaşdırıldığı kimi 2013-cü il Azərbaycan üçün siyasi müstəvidə gərginliklərlə başladı. Qeyd edim ki, seçkiyə erkən başlandı. Əsgər ölümünə etiraz və eləcə də Lənkəranda baş verən hadisədən sonra vəziyyət daha da gərginləşdi. Bütün bu gərginliyin əsas səbəbi seçki ilə bağlı hadisələrdir. Əvvəlki illərdə iqtidar hər hansı qərar verərdi, müxalifət düşünərdi ki, bu qərar nə ilə bağlıdır. İndi rollar dəyişilib. Müxalifət nəsə adddım atır, iqtidar düşünür ki, görəsən müxalifətin atdığı addımları hədəfi nədir. Bu baxımdan bizi qarşıda çox gərgin il gözləyir”.
Siyasi gərginliyin sivil müstəvidə həll olunması üçün dialoqun keçirilməsini mütləq hesab edən E.Şahinoğlu həmçinin bildirib ki, bir çox xarici qüvvələr Azərbaycanda gərginliyin yaranmasında maraqlıdırlar. Politoloqun sözlərinə görə, xüsusən də İran və Rusiya iqtidar və müxalifət arasındakı xoşagəlməz hadisələrdən Azərbaycana qarşı istifadə edəcək.
“Azərbaycan çox təhlükəli bir bölgədə yerləşir. Şimal və cənub tərəfdən təhlükələr var. Ona görə, daxildə seçki kampaniyası olsa da təxribatlar olmamalıdır. Dünənki hadisə vəziyyəti daha da qəlizləşdirdi. Normal prosesin getməsi üçün mütləq dialoq ehtiyac var. Dialoq olmalıdır ki, küçələrdə insanlar toqquşmasın, öz fikirlərini dəyirmi masalar arxasında bir-birlərinə bildirsinlər. Bu olmayacaqsa vəziyyət daha da gərgin olacaq. Bu faktdır ki, müxalifətlə iqtidar arasındakı gərginlikdən xarici qüvvələr də Azərbaycana qarşı istifadə edəcəklər. Xüsusən də Rusiyada, İranda elə dairələr var ki, Azərbaycanda sabitliyin pozulmasına çalışırlar. Bu işdə hakimiyyətin üzərinə çox böyük məsuliyyət düşür ki, bu sabitliyi əldən verməsin. Əks halda gərginlik də artacaq”, - deyə politoloq şərh edib.
Anar RÜSTƏMOV