Modern.az

İlyas İsmayılovun müavini İlham Rəhimovu “yıxıb-sürüdü”

İlyas İsmayılovun müavini İlham Rəhimovu “yıxıb-sürüdü”

17 Yanvar 2013, 15:43

Ədalət Partiyasının sədr müavini, hüquqşünas Ayaz Əfəndiyev köhnə partiyadaşı, həmin partiyanın keçmiş sədr müavini, əməkdar hüquqşünas, məşhur iş adamı və cəmiyyətdə daha çox “Putinin dostu” kimi tanınan İlham Rəhimovun ölüm hökmünün bərpasının vacibliyi barədə ölkə mətbuatında son günlərdə yer alan fikirləri ilə bağlı geniş məqalə yazıb. Partiyanın mətbuat xidmətinin Modern.az-a təqdim etdiyi “Hüquq professoru “tüpürdüyünü yaladı” adlı həmin məqalədə bildirilib.

- Məlum olduğu kimi, 2011-ci ilin yazında parlamentdə Azərbaycanda ölüm cəzasının bərpası ilə bağlı təkliflər səsləndirilmişdi. Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov da Avropa standartlarına uyğunlaşdırmaq prinsipi əsas götürülməklə Azərbaycan Cinayət Məcəlləsinin xeyli yumşaldıldığını və ölüm hökmünün Məcəllədən çıxarılmasının indiyədək yaxşı nəticə vermədiyini bildirərək onun yenidən bərpa olunmasını təklif etmişdi. Yeri gəlmişkən, İ.İsmayılov hələ ondan xeyli əvvəl, 1990 və 1999-cu illərdə də məhdud şəkildə də olsa ölüm cəzasının tərəfdarı olduğunu bildirmişdi. O vaxt hətta onu da vurğulamışdı ki,  “axına qarşı” getdiyini yaxşı başa düşür, bununla belə, prinsipial mülahizələrdən çıxış edərək məsələyə öz münasibətini açıqlamaqdan da çəkinmir: “Qanunvericilik materiallarının formal – məntiqi, tarixi-genetik təhlili və fəlsəfi-etik, sosial-siyasi tələblərin nəzərə alınması, habelə cəzanın məqsədlərinin araşdırılması əsasında belə bir nəticəyə gəlmək olar ki, Avropa ölkələrinin deyil, məhz xalqımızın və ölkəmizin maraqları baxımından ölüm cəzası yüksək cəza tədbiri kimi cinayət qanunvericiliyimizdə saxlanılmalıdır, lakin onun tətbiq dairəsi insan həyatına qəsdlə bağlı olan ağır cinayətlərlə məhdudlaşdırılmalıdır. Siyasi motivlərlə bu cəzadan istifadə etmək qəti qadağan olunmalıdır (Bax: “Prestupnost i uqolovnaya politika”, “Hüquqi dövlət: mülahizələr və təkliflər” kitabları, Azerneşr, 1990 və “Qanun” nəşriyyatı, 1999-cu illər).

Ondan, xüsusən də deputatın parlamentdəki təklifindən sonra hüquq aləmində bu məsələ ətrafında müzakirələr başlamışdı. Elə o vaxt, lap dəqiq desək, 2011-ci il may ayının 10-da “Yeni Müsavat”  qəzeti  məsələyə aydınlıq gətirmək üçün İlham Rəhimovdan müsahibə götürmüşdü. Jurnalistin “ Bu yaxınlarda Azərbaycan parlamentində ölüm cəzasının bərpası ilə bağlı təşəbbüs qaldırıldı və bunun ətrafında müəyyən diskussiyalar var. Təcrübəli hüquqşünas kimi, necə hesab edirsiniz, Azərbaycanda ölüm hökmünün bərpası doğru olarmı? Bu cəzanın tətbiqi doğrudanmı insanları cəzadan uzaqlaşdırar...”  sualına cavabında İlham Rəhimov demişdi: “… Ölüm cəzasının bərpası məsələsinin ortaya atılması mənim üçün təəccüblüdür. Ona görə ki, prinsip etibarı ilə Azərbaycanda bu indiki halda mümkün olası deyil. Çünki bunun həm siyasi, həm hüquqi, həm də müəyyən qədər mənəvi-fəlsəfi səbəbləri var. Siyasi səbəb odur ki, biz konvensiyaya qol çəkmişik. Düzdür, orada iki halda - ölkə müharibə vəziyyətindədirsə və müharibə başlanması təhlükəsi olduqda ölüm hökmünün bərpası mümkün hesab olunur. Amma faktiki olaraq hazırda bizdə bu iki səbəbin heç biri yoxdur. Ona görə də bunun ortaya atılması məntiqsizdir… “.

Hüquq professoru fikrini bu arqumentlə əsaslandırmaq istəmişdi“Prinsipcə, ölüm cəzasının tərəfdarları hər zaman belə bir əsas gətirirlər ki, bu, müəyyən qədər ağır cinayətlərin qarşısını ala bilər. Yəni insan həyatını itirəcəyini bildiyi üçün psixoloji baxımdan ağır cinayət törətməkdən çəkinir. Amma bunun başqa bir tərəfi də var, indiyə qədər heç bir dövlətdə sübut olunmayıb ki, ölüm cəzası qüvvədə olduğu vaxtla, onun ləğvindən sonrakı müddətdə həmin tip cinayətlərin statistikasında dəyişiklik olsun. Müqayisə üçün, 1996-cı ildən Azərbaycanda ölüm cəzası ləğv olunub. Düzdür, 1992-ci ildən buna moratorium qoyulmuşdu, amma de-yure 96-cı ildən tətbiq olunmur. 15 ildir bizdə ölüm cəzası yoxdur, amma onun mövcud olduğu dövrlə bu 15 ili müqayisə etdikdə görürük ki, ağır cinayətlərin baş vermə tempində heç bir dəyişiklik yoxdur. Bu rəsmi statistikadır. Biz bu gün ölüm cəzasını geri qaytarsaq, statistikada heç bir dəyişiklik olmayacaq”;  “İndiki vaxtda ölüm cəzasını tələb edənlər bilirsiniz kimə bənzəyir? Bu saat hamı bilir ki, Günəş yox, Yer öz oxu ətrafında fırlanır. Elm bunu sübut edib, bunun əleyhinə çıxmaq ağılsızlıq olardı. Amma elə adamlar var ki, deyir Yer fırlanmır, sübut mənim öz gözlərimdir, görürəm ki, mən yerimdə durmuşam, Günəş fırlanır. Ölüm hökmü məsələsində höcətlik edənləri də onlara bənzədirəm”.

Hüquq professoru daha sonra təkrar olaraq xüsusi vurğulamışdı ki, bu cəza növünü bərpa etməklə cinayətə meylli insanlarda qorxu hissi yaradılacağını deyənlər yanılırlar: “…Bir vaxtlar Avropa ölkələrində oğrunu meydana çıxarıb başını kəsirdilər, əhalini də tamaşaya çıxarırdılar, məqsəd qorxu yaratmaq, oğurluğa meylləri azaltmaq idi. Hamını yığırdılar tamaşaya, camaat qətlə baxanda, başqa oğrular elə oradaca qarmaqarışıqlıqda insanların ciblərini soyurdular. Buyurun, bu da baş kəsməyin təsiri. Qorxu yaratmaq üçün ölüm cəzasını bərpa etməklə heç nəyə nail ola bilmərik”.

İ.Rəhimov o vaxt alimliyini də məxsusi qabartmağa çalışmışdı: “Hansısa dövrdə tətbiq olunan cəzalarla həmin cəmiyyətin mədəniyyətini, mənəviyyatını, inkişafını da bilmək olur. O nöqteyi-nəzərdən Çezari Bekkarianın bir sözü var idi ki, hansısa bir millətdə vəhşilik daha çox qalıbsa, onlara daha güclü cəza tətbiq eləmək lazımdır. Amma getdikcə inkişaf edirsə, mənəviyyatı zənginləşirsə, cəza da yüngülləşməlidir. Ona görə də indi biz ölüm cəzasını bərpa etməklə faktiki olaraq demiş olarıq ki, geriyə qayıdırıq, mənəviyyatımız, tariximiz irəliyə getmir. Bu, bizi dünyanın gözünün qarşısında çox pis vəziyyətdə qoya bilər”.

Amma aradan il yarım keçmiş İlham Rəhimov elə həmin “Yeni Müsavat”da bu mövzuda ayrıca məqalə ilə çıxış etdi (18 noyabr 2012-ci il) və ortaya əvvəlki mövqeyindən xeyli fərqlənən və daha yumşaq təsir bağışlayan mövqe qoydu: “...Qeyd etmək istərdim ki, ölüm cəzasını saxlayan və ondan imtina edən ölkələrin, demək olar ki, hamısında vaxtaşırı kəskin polemikalar yaranır. Bu, Avropa ölkələri, ABŞ, postsovet məkanı ölkələrinə aiddir. Belə ki, məsələn, İngiltərədə 1969-cu ildə ölüm cəzası ləğv edilib və o vaxtdan 18 dəfə parlamentə onun bərpası ilə bağlı təkliflər təqdim edilib... Bizdə, Azərbaycanda da bu proseslər gedir. Bu, təbii və normaldır” (Bu və sonrakı seçdirmələr bizimdir-Müəllif); “Mən qəsdən adam öldürən, yaxud digər ağır cinayət törədən məhbuslara ikisindən birini: ya ölüm hökmünü, ya da ömürlük həbs cəzasını seçmək imkanı verilməsini düzgün hesab edirəm” (hüquq professorunun “məntiqinə” fikir verirsinizmi, o az qala cinayətkara hakim statusu-cəza növünü seçmək hüququ verilməsini təklif edir. Sual olunur: onda dövlət adından hökm verən məhkəmə və hakim nəyə lazımdır?!) .

Bu günlərdə isə İlham Rəhimov rusdilli “Minval” saytına verdiyi və yenə həmin “Yeni Müsavat” qəzetinin 15 yanvar 2013-cü il tarixli nömrəsində dərc olunan digər müsahibəsində o vaxt dediklərinin tam əksi olan fikirlər səsləndirib və az qala ölüm cəzasının bərpasının  ən qatı tərəfdarı kimi çıxış edib: “...Hesab edirəm ki, tədricən bütün dövlətlər ölüm hökmünə qoyulmuş moratoriumdan imtina edərək edam cəzasını bərpa edəcəklər. Və bu addım heç də humanizmə həqarət və zərbə demək olmayacaq. Yox. Bu, ölüm cəzasının cinayətkarlığın baş alıb getməsinin qarşısını, hər halda, alması həqiqətini dərk etməyin nəticəsi demək olacaq. Ölüm cəzasından qorxmaq insanları xüsusilə ağır cinayətlər törətməkdən çəkindirir”. 

Yeri gəlmişkən, çoxları, o cümlədən tanınmış hüquqşünas və vəkil Adil İsmayılov da bu açıqlamalardan təəccüblənib: “İlham Rəhimovun mətbuatdakı bu açıqlaması mənə çox qəribə gəldi. Bir müddət əvvəl bu mövzu gündəmdə olanda İlham Rəhimov bildirirdi ki, ölüm hökmünün tətbiqinin bərpası lazım deyil. Hətta onun İlyas İsmayılovla mənim iştirakımla bu mövzuda polemikası da olmuşdu. İlyas müəllim deyirdi ki, ölüm hökmünün tətbiqini bərpası lazımdır, İlham Rəhimov isə israrla onun fikirlərinin əksini söyləyirdi”.

Düzdür, son müsahibəsində İlham Rəhimov əvvəlki mövqeyinin səhv olduğuna özü də işarə edib: “...Əvvəllər bu məsələ barədə fərqli qənaətdə idim”. Amma bu, etiraf yox, məhz özü-özünü təkzibə işarədir. Etiraf o olardı ki, İ.Rəhimov İlyas İsmayılov da daxil olmaqla, vaxtilə ölüm hökmünün bərpasını təklif edənlərdən onları qınadığına görə üzr istəyərdi. Amma görünür, bunun üçün insanda xüsusi keyfiyyətlər, o cümlədən cəsarət və böyüklük olmalıdır. Lakin... Əslində indiki məqamda bizi maraqlandıran məsələnin başqa tərəfidir: Görəsən nə baş verib ki, İlham Rəhimov mövqeyini 180 dərəcə dəyişib? Bəlkə özü demiş, Yer dayanıb, Günəş öz oxu ətrafında fırlanmağa başlayıb? Ya bəlkə vəhşiləşmişik,  mənəviyyatımızla, tariximizlə “irəliyə getmədiyimiz”, “geriyə qayıtdığımız” daha bizi ilgiləndirmir və “bunun bizi dünyanın gözü qarşısında çox pis vəziyyətdə qoya biləcəyi” də artıq vecimizə deyil? Bir sözlə, maraqlıdır, hüquq professorunu, necə deyərlər, “tüpürdüyünü yalamağa” nə vadar edib?

Onun bu suallara aydınlıq gətirib-gətirməyəcəyini bilmirik. Amma biri şeyi dəqiq bilirik: hörmətli Adil İsmayılovun da dediyi kimi, İlham Rəhimovun bu mövzuda fikrini tez-tez dəyişməsi həqiqətən də anlaşılan deyil. Hərçənd bizim üçün burada da təəccüblü heç nə yoxdur. Çünki əslində o, dəyişməyib, sadəcə həqiqətdə necə olduğunu bir daha nümayiş etdirib, vəssalam.İlyas İsmayılovun fikirləri ilə “razılaşmaya-razılaşmaya” sonradan onun dediklərini dolayısı ilə təsdiq etmək məcburiyyətində qalması isə sübut edir ki, İlham Rəhimov  yaşlansa da, son illərdə şəxsi həyatında bir neçə dəfə yenilik etsə də (uğurlu və ya uğursuz alınmasından asılı olmayaraq),  “Putinin dostu” və “böyük elm adamı” kimi xüsusi dairələrdə özünə daha çox yer eləməyi bacarsa da hələ də əvvəlki təsir dairəsindən-kölgədən (İlyas İsmayılovun kölgəsindən) çıxa bilməyib. Və yəqin ki, çıxa bilməyəcək də. Çünki öz kölgəsi olmayanlar ömrü boyu başqalarının kölgəsindən yararlanmağa məhkumdurlar”.

P.S. Modern.az qarşı tərəfin mövqeyini öyrənməyə çalışacaq..

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı