“Mən cənab Prezident İlham Əliyevin prezidentin söylədiyi fikirlərlə tam şəkildə razılaşıram”. Bunu Modern.az-a açıqlamasında Milli Məclis üzvü Elmira Axundova deyib. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəni şərh edən deputatın sözlərinə görə, həqiqətən də 2012-ci il ölkəmiz üçün uğurlu il olub. “İlk növbədə qeyd edim ki, ölkə iqtisadiyyatında 2012-də də ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektorumuz 9,7 faiz, qeyri-neft sənayemiz isə təxminən 8 faiz, kənd təsərrüfatı 6 faiz artıb, inflyasiya isə cəmi 1,1 faiz səviyyəsində olub. Həmçinin 22 milyardlıq investisiyanın da 13 milyardını daxili investisiya təşkil edib ki, bu da çox mühüm göstəricidir”.
Daha sonra E. Axundova qeyd edib: “Əlbəttə, cənab İlham Əliyevin çıxışı çoxşaxəlidir. Həm daxili, həm xarici siyasəti, Qarabağ məsələsinin həlli istiqamətində görülən işləri, ölkənin hərbi gücünün artırılmasını, beynəlxalq təşkilatlar çərçivəsindəki geniş miqyaslı fəaliyyəti əhatə edir, amma mən Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü kimi öz yazımda daha çox diqqəti sosial məsələlərə ayırmaq istərdim. Heç şübhəsiz keçən il çox böyük sosial proqramlar icra edilmişdir. Bunlardan birincisi 800 minə yaxın insana şamil edilən 40-60 faiz həcmində pensiyaların artımı olub. Həmçinin sovet dövründən qalmış əmanətlərə görə vətəndaşlara kompensasiyanın verilməsinə başlanılmış və indiyədək vətəndaşlara 100 milyonlarla manat kompensasiya şəklində verilib.
Çox sevindirici haldır ki, sosial məsələlərin həlli üçün əlavə vəsait də ayrılacaqdır. Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün xeyli işlər görülüb. Keçən il ayrılmış 300 milyon manat vəsait hesabına 20 mindən çox məcburi köçkün yeni mənzillərlə, evlərlə təmin edilib. Əlbəttə ki, bütün bu layihələr 2013-də də hökumət tərəfindən davam etdiriləcəkdir. Millət vəkili kimi bizlərə işlə əlaqədar olaraq vətəndaşlar əvvəllər daha çox müraciət edirdilər. Amma son illər işlə bağlı müraciət edənlərin sayı əhəmiyyətli dərəcədə azalmışdır. Cənab Prezidentin də qeyd etdiyi kimi keçən il də xeyli sayda, 100 mindən çox yeni iş yeri açılmışdır ki, bunun da böyük hissəsi daimi iş yerləridir. Əlbəttə ki, açılan iş yerləri əhalinin də maddi vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərməkdədir.
Həmçinin cənab prezident bildirmişdir ki, 2013-cü ildə pensiya və maaşların, xüsusilə də dövlət strukturlarında çalışanların əmək haqlarının artımı həyata keçiriləcəkdir.
Bundan əlavə, cənab prezident qeyd etmişdir ki, 2012-ci ildə Bakı və onun qəsəbələrində infrastruktur layihələri uğurla həyata keçirilmişdir. Mən deyərdim ki, təkcə Bakıda yox, həmçinin digər rayon və şəhərlərimizdə də bu cür iri layihələr həyata keçirilir. Regionlarımızda da quruculuq abadlıq işləri görülür. Qaz, su, kanalizasiya xətləri çəkilir və ya yenilənir, yollar təmir olunur. Təqdirəlayiq haldır ki, təkcə mərkəzi yollara deyil, kənd arası yollara da diqqət yetirilir. Mən özüm kənd seçki dairəsindən deputat seçildiyim üçün əhalinin kənd arası yollarda palçıq içində nə qədər əziyyət çəkdiyinin canlı şahidi olurdum, amma son illər vəziyyət köklü surətdə dəyişib. Çox istərdim ki, 2013-cü ildə bu proses, yəni kənd arası yolların əsaslı təmiri işləri sürətləndirilsin və yeni-yeni əraziləri əhatə etsin”.
E. Axundovanın sözlərinə görə, 2012-ci ildə başlamış içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işi bu il də daha yüksək templə davam etdiriləcəkdir. “Mən Masallıdan seçilmiş deputat olaraq deyə bilərəm ki, ilk bu cur böyük layihələrdən biri məhz Masallı rayonu ərazisində başlanıb. Və inanıram ki, yaxın vaxtlarda bu işlər uğurla yekunlaşdırılacaqdır.
Dövlət başçısı sosial infrastrukturun – məktəb, xəstəxana, mədəniyyət ocaqlarının, idman komplekslərinin tikintisinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Mən hər zaman öz çıxışlarımda məktəb, səhiyyə ocaqları, mədəniyyət obyektlərinin tikintisi və təmirinin labüdlüyünü bildirmişəm. Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, Masallıda bu illər ərzində bir sıra məktəblər yenidən qurulmuş və istifadəyə verilib. Amma bildirmək istərdim ki, rayon ərazisində hələ də təmir olunmamış xeyli sayda məktəblər vardır. Həmçinin feldşer-mama məntəqələri və xəstəxanaların da təmirə, hətta bəzilərinin yenidən tikilməsinə böyük ehtiyac vardır. Çox istərdim ki, cənab prezident tərəfindən qeyd edilən bu sosial infrastruktur layihələri sürətləndirilsin və obyektlər əhalinin ixtiyarına verilsin.
Bir məsələni xüsusilə qeyd etmək istərdim. Əgər fikir versəniz görərsiniz ki, prezident komandasının, hökumətimiz gördüyü bütün işlər kor-koranə deyil, düşünülmüş, dəqiqliklə hesablanmış, beynəlxalq təcrübədən istifadə etməklə hazırlanıb, iqtisadi və sosial baxımdan hər tərəfli əsaslandırılmış dövlət proqramları çərçivəsində həyata keçirilir. Ona görə də mən əminəm ki, bu hökumət dövlətimizin gücləndirilməsi, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi bütün tədbir və dövlət proqramlarının nəticəsində hər zaman ən yüksək nəticələrə nail olacaqdır”.