Avropa Şurası Parlament Assambleyası (AŞ PA) yanvarın 23-də Azərbaycandakı vəziyyətə dair iki məruzəni dinləyib müzakirə edəcək. AŞ PA Monitorinq Qrupunun həmməruzəçiləri tərəfindən hazırlanan birinci hesabat Avropa parlamentarlarının mühakiməsinə yanvarın 22-də təqdim olunacaq. Məruzədə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri necə yerinə yetirməsi ilə bağlı məlumatlar təhlil edilir.
Bu barədə Modern.az-a hüquq müdafiəçisi Eynulla Fətullayev məlumat verib.
Onun sözlərinə görə, ikinci məruzə siyasi məhbuslar məsələsi üzrə xüsusi məruzəçi, alman deputatı Kristofer Ştrasser tərəfindən hazırlanıb. Bu sənəddə ölkədəki siyasi məhbusların vəziyyətindən söhbət gedir. Ştrasserin məruzəsi AŞ PA-nın siyasi məhbusların statusunun müəyyən edilməsinin meyarlarına dair payız qətnaməsi əsasında hazırlanıb.
Xatırladaq ki, bu meyarlar məsələsi Azərbaycanda, həmçinin Avropa Şurasına üzv olan başqa ölkələrdə, o cümlədən Türkiyə, Rusiya, Ukrayna və digərlərində tənqidlərlə qarşılanmışdı. Yanvarın 23-də K.Ştrasserin məruzəsi ətrafında çox qızğın müzakirə və diskussiyaların olacağı gözlənilir.
Qeyd edək ki, AŞ PA-nın yanvar sessiyasının işində “İnsan haqları uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev də iştirak edir. Yanvarın 22-də hüquq müdafiəçisinin avropalı parlamentarlarla görüşü keçiriləcək.
E.Fətullayev bildirib ki, o, həmin görüşdə həm özünün, həm də Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyini deputatların nəzərinə çatdıracaq.
Yanvarın 23-də isə E.Fətullayev AŞ PA-nın aparıcı fraksiyalarının və parlament qruplarının nümayəndələri ilə görüşəcək və avropalı parlamentarları Azərbaycandakı vəziyyət barədə məlumatlandıracaq. E.Fətullayevin iştirakı ilə keçiriləcək bu dinləmələr AŞ PA-dakı bir neçə nümayəndə heyətinin təşəbbüsü ilə təşkil olunur.
Modern.az