SSRİ-nin sonuncu prezidenti: “Qarabağ probleminin həlli birləşmiş Avropa yaranan zaman asan olacaq”
“Qarabağ problemi çöx köhnə və həddən artıq çətin problemdir”. Bu sözləri SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov “Kommersant” qəzetinin onlayn konfransında suallara cavab verərəkən deyib. Münaqişənin tarixinə toxunan Qorbaçov deyib ki, SSRİ vaxtı bununla bağlı müxtəlif ittihamlara məruz qalıb.
“Azərbaycan və Ermənistan zamanında məni ittiham edirdilər ki, guya mən tərəflərdən birini dəstəkləyirəm. Amma bu qətiyyən belə deyildi. Mən həmişə deyirdim ki, milli zəmində olan belə problemlər “qalib-məğlub” müstəvisindən həll oluna bilməz”.
SSRİ-nin keçmiş prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri birləşdirməyə çağırıb. “Hər iki tərəf konsensusu tapmalıdır”. M.Qorbaçov həmçinin vurğulayıb ki, problemin həlli bir sıra beynəlxalq prioritetlərdən də asılıdır.
“Ola bilsin ki, birləşmiş Avropa yaranan zaman bu düyünü kəsmək daha asan olacaq”- deyə Qorbaçov vurğulayıb.
M.Qorbaçov qeyd edib ki, münaqişənin həlli üçün nə təklif edəcəyini belə bilmir. “Oktyabr inqilabından sonra orada sərhədlər müəyyənləşib, torpaqlar bölünüb. Torpaqlar da elə bölünüb ki, qonşular həmişə bir-birindən asılı vəziyyətdə qalsınlar. Moskva isə hakim rolunu oynaya bilsin. Bununla bağlı problemlər isə həmişə qaldırlıb”-deyə SSRİ prezidenti vurğulayıb.
Daha sonra Qorbaçov “Bakıda olmusunuzmu?” sualına cavablandırıb. “Hələlik mənim planımda Bakıya gəlmək yoxdur. Amma hər şey mümkündür”-deyə cavablandırıb.
X. SƏFƏROĞLU