Yanvarın 21-dən 25-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcəkdir. Sessiyada Azərbaycanın nümayəndə heyəti də iştirak edəcək. Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, AŞPA-nın qış sessiyasında Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.
Nümayəndə heyətinin tərkibinə millət vəkilləri Əli Hüseynli, Elxan Süleymanov, Rafael Hüseynov, Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Sevinc Fətəliyeva, Sahibə Qafarova və Fazil Mustafa daxildir.
İclaslarda Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
Qeyd edək ki, sessiyada Assambleyanın yeni sədri seçiləcək, Kosovada vəziyyət, Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti, Rusiya-Gürcüstan müharibəsindən sonra zərər çəkmiş ərazilərdə humanitar vəziyyət, Azərbaycan tərəfinin vəzifə və öhdəliklərinin yerinə yetirilməsi, insan mənşəli orqanlar və hüceyrələrlə alverə qarşı mübarizə, Avropada media azadlığının vəziyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Anar