Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələri və əlilləri ilə görüş keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, tədbirdə qeyd edilib ki, faciə zamanı şəhid olmuş insanların ailələrinin və əlil olmuş insanların sosial müdafiəsi daim gücləndirilib. “20 Yanvar şəhidi” fəxri adı almış şəxslərin ailə üzvlərinə ayda 300 manat məbləğində, əlil olmuş şəxslərə müxtəlif məbləğlərdə təqaüdlər təsis olunub. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu vaxtadək 51 nəfər şəhid ailəsi və 20 Yanvar əlili mənzillə, 52 nəfər əlil isə avtomaşınla təmin edilib. Təkcə son üç ildə 37 nəfər 20 Yanvar əlilinin ölkənin ayrı-ayrı istirahət zonalarında istirahəti təşkil olunub. İstedadlı əlillərin yaradıcılıq nümunələrinin təqdim olunduğu sərgi və baxış müsabiqələrdə, habelə idman yarışlarında 20 Yanvar əlillərinin də iştirakı təmin edilir. Onların dövlət hesabına bərpa-müalicəsi təşkil edilir, sosial-məişət problemlərinin həllinə müvafiq köməkliklər göstərilir.
Qeyd edək ki, nazirlik tərəfindən 118 nəfər 20 Yanvar şəhidinin ailəsinin və 318 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardımlar verilib.
Modern.az