Modern.az

Yeni Fondun təhsilə təsiri onu idarə edəndən asılı olacaq

Yeni Fondun təhsilə təsiri onu idarə edəndən asılı olacaq

Təhsil

5 Mart 2022, 10:58

Prezident İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb.

 

Maraqlıdır, Təhsilin İnkişafı Fondu Azərbaycan təhsilinə nə kimi təsir göstərəck? Bu Fondun təhsildə nələrisə dəyişdiyinin şahidi olacağıqmı?

 

Təhsil eksperti Elçin Süleymanov Modern.az-a bildirib ki, Təhsilin İnkişafı Fondunun əsas məqsədi dövlət təhsilinin inkişafına yönəlik proqram və layihələri maliyyələşdirmək, təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşmasına yardım etməkdir.

 

 

“Publik hüquqi şəxs başda nizamnamə kapitalı və müxtəlif qrantlardan, ianələrdən formalaşan bir fond olacaq. Həm orta məktəblər, həm də ali məktəblər büdcədən kənar gəlirləri hesabına formalaşan gəlirin bir hissəsini əməkdaşların maddi vəziyyətlərinin yaxşılaşmasına xərcləməlidirlər. Digər bir hissəsini isə bu Fond tərəfindən mərkəzləşmiş qaydada ehtiyac olduğu istiqamətdə maddi-texniki bazanın gücləndirilməsi , əməkdaşların peşekar qabiliyyətinin artırılması istiqamətində xərclənməsi nəzərdə tutulur. Bu əslində alqışlanacaq bir addımdır. Bütün dünyada təhsil sadəcə dövlətin ayırdığı vəsaitlə maliyyələşmir. Müxtəlif xeyriyyə təşkilatlarının, şirkətlərin gəlirlərinin bir hissəsini təhsilə ayırırlar.

 

Bəzən şirkətlər tədris müəsisəsi inşa edərək onu təhsil nazirliyinə bağışlayır. Azərbaycanın Vergi Məcəlləsinə görə müəssisələrin mənfəətinin 10%-i bu cür təhsil, səhiyyə və idman fəaliyyətinə ianə istiqamətində xərclənə bilər. Müxtəlif mənbələrdən - valideyn şuralarından, biznes qurumlarından könüllülük hesabına bura vəsait daxil edilə bilər.

 

Eyni zamanda, təhsil müəssisəsi öz resurslarından istifadə edərək, müxtəlif ödənişli xidmətlərlə (qanunla qadağan olunmuş fəaliyyətlərdən başqa) müəsisəyə əlavə vəsait qazandıra bilərlər. Fond da bunun koordinasiyasını həyata keçirəcək. Təhsilin inkişafına hansı qurumlardan, hansı istiqamətdə nə qədər vəsait ayrılıb və bu vəsait haralara xərclənib. Əsas məqsəd odur ki,  həm gəlirlər, həm də xərclər şəffaf olsun”.

 

Təhsil eksperti Şahlar Əsgərov deyib ki, Fondun təhsilə edəcəyi təsir onu idarə edən şəxsdən asılı olacaq:

 

 

“Bu Fondun bizə nə verəcəyi onu idarə edən şəxsdən asılıdır. İdarə iki cür olur ya şəxsi mənafe istiqamətində, ya da ictimai mənafe istiqamətində. Əgər şəxsi mənafedə işlədiləcəksə heç bir xeyrini görməyəcəyik. Düzdür, Hacı Zeynalabdin Tağıyevin vaxtında belə bir fond yox idi, ancaq təhsilə ianələr yatırılırdı. Hər bir dövlət qurumu başa düşməlidir ki, o dövlətə işləyir. O qurum Azərbaycan dövlətini gücləndirmək üçün çalışmalıdır. Güman edirəm ki, bu Fond Azərbaycan təhsilini gücləndirmək üçün bir fürsətdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi