Modern.az

Elmira Süleymanova “Binə” aksiyası ilə bağlı rəsmilərə müraciət edəcək

Elmira Süleymanova “Binə” aksiyası ilə bağlı rəsmilərə müraciət edəcək

Təhsil

24 Yanvar 2013, 11:10

Ombudsman Elmira Süleymanova Binə Ticarət Mərkəzindəki hadisələr zamanı saxlanılan şəxslərlə bağlı araşdırmanın nəticələri ilə bağlı Baş prokuror və daxili işlər nazirinə müraciət edəcək. Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Binə Ticarət Mərkəzində baş vermiş hadisələr zamanı saxlanılan şəxslərlə bağlı araşdırma aparıb.

Araşdırma zamanı məlum olub ki, Səbail Rayon Məhkəməsi tərəfindən 10 nəfər barəsində 2 ay müddətində həbs qətimkan tədbiri seçilərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221 və 315-ci maddələri ilə cinayət işi açılıb. Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinə əsasən, 2 nəfər inzibati qaydada 10 gün müddətinə həbs olunublar.

MPQ-nin üzvləri məsələ ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həmin 10 nəfər şəxslə, habelə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində isə hadisə ilə əlaqədar saxlanılan şəxslərlə görüşüblər.

Həmin şəxslər saxlanma şəraitindən narazılıq etməyiblər.

Eyni zamanda MPQ-nin üzvləri Qaradağ Rayon Polis İdarəsində (RPİ), həmin idarənin 10-cu polis bölməsində, Yasamal və Xətai RPİ-lərin müvəqqəti saxlanma yerlərində araşdırma aparıblar.

Ombudsman Elmira Süleymanova araşdırmanın nəticələri ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroruna və daxili işlər nazirinə müraciət edəcək.

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı