Modern.az

ADPU-da ikimərhələli imtahan tələbəyə təqaüd verməmək üçündür – Ekspert

ADPU-da ikimərhələli imtahan tələbəyə təqaüd verməmək üçündür – Ekspert

25 Yanvar 2013, 11:34

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) əla qiymət almaq istəyən tələbə eyni fəndən iki dəfə imtahan verməli olur. Belə ki, kompüter imtahanında yüksək bal toplayan tələbə “4 və 5” qiymətləri almaq üçün ikinci dəfə həmin imtahanı yazılı surətdə verir. Təbii ki, bu da imtahanqabağı stress yaşayan tələbələrin imtahan yükünü daha da artırır. Tələbələr də etiraz edərək bildirirlər ki, “əla” qiymət üçün iki imtahan verməyə ehtiyac yoxdur.

  Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsinin rəisi İlham Mustafayev bildirib ki, ADPU-da belə bir qaydanın tətbiqi nazirliyin razılığı ilə baş verib:

İmtahanların testlə verilməsi yeni olduğuna görə onun metodologiyası tam hazır deyil. ADPU-da məsələyə belə izah verirlər ki, tələbələr təsadüf nəticəsində yüksək bal alırlar, yazıda isə ən aşağı bal yığırlar. Bəs bunu nə ilə izah etmək olar? İmtahanlarda bu qaydanın tətbiqi könüllüdür. Əgər tələbənin aldığı bal onu qane etmirsə, onda onun özü gəlib yenidən imtahan verir. Testdə aldığı qiymət yazılı imtahanda təsdiqlənsə, ona həmin qiyməti verirlər. Onlar bu qərarı verməmişdən öncə nazirliklə razılaşdırıblar və Elmi Şura belə qərar qəbul edib. Elmi Şura ali təhsil müəssisənin ali idarəetmə orqanıdır. Təbii ki, o, mövcud qaydalardan kənara çıxmadan qərarlar qəbul edə bilər”.   Belə bir qaydanın digər ali təhsil müəssisələrinə aid olub-olmamasına gəlincə, nazirlik rəsmisi qeyd edib ki, qaydanın hələ digər universitetlərə tətbiq olunması nəzərdə tutulmur: “Bu hələ bir sınaqdır, görək hələ bu, nə göstərir. Görək, öz səmərəsini versə tətbiq edərik. Son illər bizim atdığımız addımlar odur ki, ali məktəblərə geniş səlahiyyət verək. Təhsil Nazirliyi sadəcə konsepsiyanı hazırlayır, istiqamət verir. Ali məktəblər mövcud qanunvericilik çərçivəsində qərarlar çıxarılmasında sərbəstdirlər. Əsas məqsəd odur ki, ali məktəb keyfiyyətli mütəxəssis hazırlasın. Hansı yolla hazırlayır, o yolu özü seçir. Biz sadəcə olaraq, hər bir ixtisasın öz proqramını hazırlayırıq. O proqramın həyata keçirilməsini fənlərin məzmununun müəyyənləşdirməsini artıq ali məktəblərin öz ixtiyarına veririk”   İ.Mustafayevin sözlərinə görə, belə bir qaydanın nə qədər uğurlu olub-olmaması hələ sual altındadır. “Bu, iki semestrdir ki, aparılır. Yəqin ki, imtahan bitəndən sonra bu məsələnin təhlilini aparacağıq. Hər halda bu məsələ yenə də müzakirə ediləcək. Bu qaydanın ikinci semestrdir ki, tətbiqi gedir. Yalnız birinci semestrin nəticəsinə görə, heç nə demək olmaz. İkinci semestr bitəndən sonra tapşırıq verəcəyik ki, ali məktəb bununla bağlı təhlil aparsın. Xarici ölkələrdə belə bir ənənənin tətbiqi barəsində heç nə deyə bilmərəm. Onu deyə bilərəm ki, Avropanın ali məktəblərinin əksəriyyətində imtahanlar yazılı formadadır”, – deyə nazirlik rəsmisi qeyd edib.   

Millət vəkili Asəf Hacıyev də eyni fəndən iki imtahan verilməsində heç bir problem olmadığını və bunu adi qarşıladığını deyib : “Hər ali təhsil ocağının öz adət-ənənələri var. Elmi Şura belə məqsədəuyğun sayıb və bu addımı da atıb. Düzdür, indi həmin qaydanı detalları ilə bilmirəm, amma tələbələr çox məsələyə etiraz edə bilərlər. Bu, o demək deyil ki, bunlar hamısı doğrudan da belədir. Bəli, tələbə eyni fəndən iki dəfə imtahan verə bilər. Eyni fənn deyəndə, o demək deyil ki, iki imtahanın ikisinin də tələbə eyni suallara cavab verəcək. Eyni fəndən müxtəlif mövzular olur. Bu da çox normal bir haldır. Tutaq ki, bir fənn 20 fəsildir..  Tələbə birinci 10 fəsildən kompüterdə imtahan verir, ikinci 10 fəsildə də imtahanı yazılı olaraq verir. Bizim tələbələr indi tənbəllik edirlər, burada aydın olmayan heç nə yoxdur“.  

Təhsil eksperti Etibar Əliyev ali təhsil ocağının belə bir qaydanın tətbiq etməsinin əleyhinə olduğunu deyib: “Bu məsələ ilə bağlı çoxsaylı müraciətlər olub. Əlaçı tələbələr aldıqları təqaüddən bu imtahan sisteminə görə məhrum olublar. Məsələ bundadır ki, bütün ali məktəblər üzrə vahid imtahan sistemi yoxdur. Bunun özü çox xoşagəlməz bir haldır. Bu imtahanların çoxu isə 2005-ci ildən üzv olduğumuz Boloniya prosesinin şərtləri ilə daban-daban ziddir”.

E. Əliyev qeyd edib ki, burada əsas üstünlük professor-müəllim heyəti ilə tələbələrin üzbəüz qiymətləndirilməsinə verilir: “Azərbaycan mühitində neqativ hallarla, uzun illər rastlaşdığımız üçün mərkəzləşdirilmiş imtahan keçirilir və dərs deyən müəllim bu prosesdə iştirak edir. Bu isə çox neqativ bir haldır. Pedaqoji institutda yazılı imtahanın keçirilməsi ilə bağlı toplanan faktlar onu göstərir ki, orada məqsəd tələbələrin qiymətlərinin kəsilməsinə xidmət göstərir, yəni imtahan bir formada olmalıdır. Bir formada olan imtahan nəticəsində tələbənin bilikləri qiymətləndirilməlidir. Ali məktəb rəhbərliyi anlamalıdır ki, imtahan prosesinə qədərki proseduralar normal keçirilirsə, yəni tələbələrin dərsə davamiyyəti, tələbələrin konspektləri, tələbələrin seminarlarda iştirakı, tələbələrin kolloqviumdakı nəticələri və yekun bal yetərlidirsə, onun yüksək bal almağına, burada əlavə ikinci səddin qurulması başqa məqsədlərə xidmət göstərir”.

  Nihadə Eyyubova  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı