Yanvarın 15-dən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 nömrəli “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb. Modern.az-ın məlumatına görə, 15 gün ərzində xidmətdən istifadə etmək üçün 6178 müraciət daxil edilib. Onlardan 4039-na xidmət göstərilib. 1673 müraciət isə digər ünvanlara yönləndirilib. Çünki “ASAN xidmətə” aid olmayan məsələlərə dair müraciətlər olub.
146 nəfər növbə üçün nömrə götürsə də, istifadə olunmayıb. 320 nəfərə isə məsləhət verilib. 15-25 Yanvar tarixindən 25-30 Yanvar tarixi ərzində xidmət göstərilən vətəndaşların artımı 40% olub. Qeyd edək ki, “ASAN xidmət” mərkəzi Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşir. Mərkəz həftənin bütün günləri saat 10-dan 20-dək, bazar günləri isə saat 17-dək vətəndaşlara xidmət göstərir.
“ASAN xidmət” mərkəzində 9 dövlət orqanı – ədliyyə, daxili işlər, vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 adda hüquqi xidmət həyata keçirir.
Sevinc İLTİFATQIZI