“Biz heç kimə məhdudiyyət qoya bilmərik ki, sən bunu danış, ya danışma. Amma bu cür məlumatlar təxribat xarakterlidirsə, bu araşdırılacaq və müəyyən tədbir görüləcək”.
Bunu Modern.az-a İmişli icra başçısının köməkçisi Füzuli İsayev deyib. O bildirib ki, İmişlidə aksiyanın keçirildiyi barədə yayılan məlumatların heç bir əsası yoxdur. Köməkçinin sözlərinə görə, yazılanların hardan qaynaqlandığını məlum deyil.
“Rayon haqqında yayılan söz-söhbətin haradan qaynaqlandığını deyə bilmərəm. Sadəcə olaraq elə insanlar var ki, həmişə nədənsə narazıdırlar. Öz daxili problemlərini də qabardıb belə işlərlə məşğul olurlar. Belə məlumatlar yayılanda bizə özümüz də şoka düşdük. Çünki ötən gün icra başçısı ilə görüş keçirilib əhali də çox razı qalıb. Tamamilə yanlış məlumatdır. Burada kimin nə məqsəd güddüyünü də deyə bilmərəm. Bu dəqiqə də bu cür məlumatların yayılmasına baxmayaraq istənilən adamdan soruşa bilərsiniz ki, İmişlidə vəziyyət necədir? Rayon sakinləri də yayılan bu cür məlumatları qəbul etmir. Rayon sakinləri də belə məlumatları yayanlardan narazıdır. Yayılan məlumatların hamısı əsassızdır. Ona görə də, bu cür məlumatlar təxribat xarakterlidirsə, bu araşdırılacaq və müəyyən tədbir görüləcək”, – deyə İH nümayəndəsi bildirib.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə İmişlidə etiraz aksiyasının keçirildiyi barədə məlumat yayıb, fotoşəkil paylaşıblar.
Gültəkin Ələsgər