Modern.az

Məktəbli formaları hamının cibinə uyğun olmalıdır!

Məktəbli formaları hamının cibinə uyğun olmalıdır!

31 Mart 2022, 15:42

“Ümumi təhsil haqqında” Qanununa əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün təsvirləri müvafiq qurum tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir. Təhsil Nazirliyindən bildirilib ki, yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə getməsinə yol verilməyəcək.

 

Bu qərar bəzi aztəminatlı ailələr tərəfindən etirazla qarşılanıb. Valideynlər yeni geyim alınmasını ailə büdcəsinə əlavə yük kimi qiymətləndiriblər.

 

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev deyib ki, dünyanın müxtəlif ölkələrində məktəblilərin vahid formaları var:

 

"Ümumi məktəbli forması olsun, ancaq qiyməti də münasib olsun. Valideynlər övladlarını məktəbə göndərən zaman yetərli qədər xərc çəkirlər. Məktəbli forması da valideynlərin cibinə uyğun olarsa, hər biri ala bilər. Müəyyən addımlar atılmalıdır ki, valideynlər vahid formadan imtina etməsin. Xüsusilə də yuxarı sinif şagirdləri üçün məktəbli formaları tətbiq olunmalıdır, çünki cəmiyyətdə məktəbli olduqları seçilməlidir”.

 

 

Deputat müəllimlər üçün də vahid formanın tətbiq olunması fikirlərinə münasibət bildirərkən bu seçimin müəllimlərin öhdəsinə verilməli olduğunu vurğulayıb:

 

“Məktəblərdə müəllimlərin 80%-ni qadınlar təşkil edir. Əsas söhbət qadın geyimlərindən gedir və o geyimlər də sadə olmalıdır. Formanı seçmək olar, ancaq rəng seçimini müəllimlərin öhdəsinə vermək lazımdır. Çünki müəllimlər arasında həm yaşlı nəslin, həm də gənc nəslin nümayəndələri var”.

 

 

Təhsil eksperti, professor Şahlar Əsgərov da vahid forma tərəfdarı olduğunu bildirib:

 

“Vahid formanın tətbiq olunmasının biznes əhəmiyyəti də var. Formanın olması isə yaxşı haldır, çünki məktəblini məsuliyyətli davranmağa sövq edir. Formaların qiyməti hər ailənin büdcəsinə uyğun olmalıdır. Aztəminatlı ailələrə isə dövlət və ya Təhsil Nazirliyi tərəfindən yardım göstərilməlidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi