Dünya top universitetləri reytinqində 41-ci yerdə qərarlaşan Cənubi Koreyanın ən yaxşı universiteti - KAIST 12 azərbaycanlı gənci sıralarına qəbul edib. Universitetdə cəmi 80 xarici məzun bakalavriat pilləsində təhsil alacaq.
KAIST Universitetinə qəbul olunan azərbaycanlı gənclərdən biri də Məhsəti Piriyevadır.
Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhsəti Piriyeva həm dünyanın ən yaxşı universitetləri siyahısında 41-ci yerdə olan KAIST-də, həm də dünyanın ən yaxşı universitetləri siyahısında 12-ci yerdə olan Sinqapurun Nanyang Texnologiya universitetində ali təhsil almaq imkanı qazanıb.
Məhsəti Piriyeva uğur hekayəsini Modern.az-la bölüşüb:
- Məhsəti, imtahanlara necə hazırlaşmışdın? Azərbaycan universitetlərində də təhsil almaq istəyirsən?
- 9-cu sinifdən Respublika Fənn Olimpiadalarına hazırlaşmağa başlamışam. 9-cu sinifdə keçirilmiş olimpiadanın gümüş, 10-cu sinifdə isə qızıl medalçısıyam. Xaricdə təhsil almaq üçün olimpiada nəticələrimdən əlavə, SAT və TOEFL imtahanları vermişəm. Bu imtahanlara Roof Academy ilə birgə hazırlaşmışam. KAIST-ə xüsusi olaraq hazırlaşmamışam. Beynəlxalq olimpiada qalibləri Azərbaycandakı bütün universitetlərə imtahansız qəbul oluna bilir. Buna görə də Azərbaycan universitetlərinə qəbul üçün imtahan verməyəcəm. Xaricdə təhsil alacağım üçün ölkədəki universitetlərdə ali təhsil almağı düşünmürəm.
- NTU və KAIST universitetinə qəbul olunmaq necə hissdir? Necə oldu ki, hər iki universitetə qəbul oluna bildin?
- NTU və KAIST hər ikisi top 50-likdə olan universitetlərdir. Düşünürəm ki, bu universitetlərə qəbul olunmağıma kömək edən əsas amil olimpiadalardakı nailiyyətlərimdir. Nüfuzlu universitetlərə qəbul olunmaq isə möhtəşəm hissdir. Az öncə qeyd etdiyim ki, SAT və TOEFL imtahanları vermişdim.
- Hansı universitetdə təhsil alacağına qərar vermisən? Hər iki universitetdə eyni anda təhsil almaq şansın olsaydı, oxumaq istərdin?
- Hələ ki seçim etməmişəm, ancaq hər iki universitetin mənim üçün faydalı olacağını düşünürəm. Düzdür, ikisini də seçmək mümkün deyil. Amma imkan olsaydı, əlbəttə ki eyni anda təhsil almaq istərdim.
- Məhsəti bu uğurların ailən, yaxınların tərəfindən necə qarşılandı? Onlar sənə necə dəstək olurdular?
- Bu proses boyu ailəm və müəllimlərim mənə tam dəstək olub. Mənə güvəniblər, uğur əldə edəcəyimə inanıblar. Mən də çalışdım ki, o güvəni və inamı doğruldum. Universitetə qəbul olunmağımı böyük sevinclə qarşıladılar. Qazandığım uğurlara görə onlara minnətdaram.
- Xaricdə ali təhsil almaq uşaqlıq arzun olub? İnanırdın ki, bir gün belə şansın olacaq?
- Hər uşaq kimi mənim də ali təhsil almaq arzum olub, ancaq xaricdə oxumaq uşaqlıq istəyim deyildi. Beynəlxalq olimpiadada medal qazandıqdan sonra bu haqda düşündüm. Daha sonra ailəm və müəllimlərimlə danışıb xarci universitetlərə müraciət etdim. Amerika, Cənubi Koreya və Sinqapurda yerləşən 7 universitetə müraciət etmişdim.
- Ailəndən kimsə xaricdə ali təhsil alıb?
- Valideynlərim ali təhsillidir. Amma heç kim xaricdə təhsil almayıb. Bacım isə orta məktəbdə təhsil alır, 7-ci sinif şagirdidir.
- Son olaraq uğur sirrini öz dilindən eşitmək istərdik.
- Mən düşünürəm ki, olimpiada qalibi olmaq və universitetə qəbul olunmaq uğur hekayəsinin sadəcə başlanğıcıdır. Uğuru hər kəs müxtəlif cür izah edir. Bu uğurların bir hekayəyə çevrilməsi gələcəkdə görəcəyimiz işlərdən asılıdır.