Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Şamaxının millət vəkili Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Azərbaycan həqiqətləri” adlı filmlər toplusu hazırlayıb.
Topluya 20-ci əsrin əvvəllərində erməni terror təşkilatlarının, erməni silahlı dəstələrinin Azərbaycanda dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlarından bəhs edən “Xocalı soyqırımı”, “Qaradağlı soyqırımı”, “Ağdaban faciəsi” adlı 3 film daxildir. Bundan başqa, topluda Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Şuşa və Ağdam şəhərlərində həyata keçirdikləri vandalizm aktlarını özündə əks etdirən “Dağıdılmış mədəniyyət beşiyi - Şuşa” və “Ağdam; Qafqazın xirosiması” filmləri də öz əksini tapır. Azərbaycan və ingilis dillərində hazırlanan “Azərbaycan həqiqətləri” adlı filmlərdən ibarət topluların hər biri 1000 nüsxə çap olunub və Azərbaycan dilində olan filmlərin toplusu Azərbaycanın xaricdəki diaspor təşkilatlarına, Gürcüstanda, Cənubi Azərbaycanda (İran), Dağıstanda (Rusiya) yaşayan soydaşlarımızı birləşdirən təşkilatlara, universitetlərə, hərbi hissələrə, gənclər təşkilatlarına veriləcək.
“Azərbaycan həqiqətləri” adlı film toplusu fevralın 12-si saat 12-də Beynəlxalq Mətbuat Mərkəzində təqdim olunacaq.
Modern.az