"Rəqəmsal inkişafdan danışırıqsa Təhsil Nazirliyinə tənqidlərin əsas hissəsi məktəbi bitirənlərdə niyə rəqəmsal bacarıqların ölçülməməsi olmalıdır".
Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Rəqəmsal iqtisadiyyat:Müasir çağırışlar və real imkanlar II" adlı beynəlxalq konfransda deyib.
Nazir tədrisdə mənimsənilən bacarıqların ölçülməsinin vacibliyini vurğulayıb:
"Bu narazılıqlar haqlı olar. Təhsil sistemində hər hansı bacarıqların tam mənimsənilməsini görmək istəyiriksə, bunun sonradan ölçülməsi daha vacibdir. Bu istiqamətdə addımların atılması məktəblərdə rəqəmsal bacarıqların öyrənilməsi və tədrisi ciddi təsir edəcək amillərdən ola bilər".
E.Əmrullayev vurğulayıb ki, nazirliyi əsaslı tənqid edə bilmək üçün lazımı məlumatlar PISA tədqiqatlarının hesabatlarındadır:
"Xüsusi olaraq bizi tənqid etmək istəyənlərə üz tutaraq bildirmək istəyərəm ki, bu materiallarda olan nəticələr buna əsaslı imkan verir. Bu kimi nəticələr üzərindən tənqid müəyyən şəxs və hadisə üzərindən tənqiddən daha yaxşı olar".
Nazir, həmçinin məktəblilərin iştirak edəcəyi qiymətləndirmə tədqiqatlarına da diqqət çəkib:
"Hazırda məktəblilərimiz müəyyən qiymətləndirmə tədqiqatlarında iştirak edirlər. Mən uğurlu nəticə əldə edəcəyimizi əminliklə deyə bilmərəm, amma bu yarış deyil, əsas olan şagirdlərimizin bacarıqlarının doğru qiymətləndirilməsidir".