Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev çıxışı zamanı bir neçə məsələyə toxunub. Modern.az xəbər verir ki, A. Quliyev bildirib ki, hazırda gündəmdə olan məsələ Prezident İlham Əliyevin fevralın 12-dəki çıxışıdır.
“Dövlət başçısının çıxışı hər bir vətəndaşın ürəyincə oldu. Hesab edirəm ki, hər bir məmur öz vətəninə, xalqına, dövlətinə xidmət eləməlidir”.
A. Quliyev İran-Azərbaycan sərhəddində yaşanan problemlərə də toxunub. O qeyd edib ki, seçicilər Azərbaycan-İran sərhədlərində azərbaycanlılara qarşı edilən hörmətsizlikdən şikayətlənirlər.
“Azərbaycanlılar İran sərhədçiləri tərəfindən təhqir edilib, söyüşlər söyülür. Hətta buna etiraz edəndə azərbaycanlılara İran sərhədçiləri bildirirlər ki, sizin haqqınız, hüququnuz yoxdur, bura niyə gəlmisiniz... Onlar insanları incitmək üçün kompüterləri söndürürlər, guya internet yoxdur. Onları qəsdən sərhəddə saxlayırlar. Bu məsələ ilə bağlı konkret olaraq, dövlət strukturları, aidiyyatlı orqanlar müdaxilə eləməlidirlər. Azərbaycan sərhədçiləri İran vətəndaşlarına necə münasibət sərgiləyirlərsə, İran sərhədçiləri də eyni münasibəti bizim vətəndaşlara göstərməlidirlər. Mən bu məsələnin həllini çox vacib hesab edirəm”.
Modern.az