Milli Məclisin deputatı Fuad Muradov Milli Məclisin bu günkü iclsında ermənilərin atəşkəsi tez-tez pozmaları və Xocalı hava limanının istismara vermələri ilə bağlı bəyanatlarını “ermənilərin gərginliyi saxlamaq cəhdi” adlandırıb. Deputat vurğulayıb ki, Azərbaycan tərəfinin guya təyyarəni vuracağı barədə səslənən fikirlər növbəti erməni avanturasıdır. “Biz bu təyyarəni vurmayacağıq. Qanuna uyğun olaraq təyyarəni məcburi endirəcəyik”-deyən deputat qeyd edib ki, bu yaxınlarda Avropa ölkələrində etdikləri səfər zamanı böyük dövlətlər öz mövqelərini ifadə ediblər. “Böyük dövlətlər Xocalı hava limanının açılmasının əleyhinədir. Onlar başa düşür ki, bu mövqe ilə ermənilər gərinliyi saxlamaq niyyətindədir”-deyən deputat qeyd edib ki, belə bəyanatlar seçki ərəfəsində olan Ermənistanda daxili rəyə hesablanıb.
Daha sonra prezidentin məmur özbaşınalığı ilə bağlı çıxışına toxunan F. Muradov dövlət başçısının bu mövqeyini dəstəklədiyini bildirib. Korrupsiya faktları və sahibkarların hüquqları ilə bağlı problemlər olduğunu deyən deputat bununla yanaşı vurğulayıb ki, prezident mütəmadi olaraq bu çıxışları edir. “Dövlət başçısı mütəmadi olaraq bu çıxışları edir. Bu seçki ilə bağlı olan bir çıxış deyil”-deyə deputat qeyd edib.
Daha sonra Səbail rayonunda qəzalı olan 3 mərtəbəli evin problemlərini qaldıran millət vəkili vurğulayıb ki, bununla bağlı Nazirlər Kabineti və FHN-ə etdiyi müraciətlərdən sonra müvafiq qurumla binanın qəzalı olması və təmirinin zəruriliyi barədə sənəd veriblər. “Amma Hacıbala Abutalıbov nədənsə təmir üçün vəsaitinin olmadığını deyir. Xahiş edirəm bu məsələ ilə bağlı tədbir görülsün. Binada 100 nəfər yaşayır. Əgər problem həll edilməsə ciddi fəsadlar yaşana bilər”-deyə vurğulayıb.
Modern.az