"Azərbaycanda hazırda keyfiyyət təminatı almış distant tədris proqramı yoxdur".
Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, bu istiqamətdə qanunvericilik bazasının formalaşması üçün Milli Məclisin Elm və təhsil komitəsi ilə birgə iş aparılır:
"Distant təhsil tədrisin yalnız bir formasıdır, orada verilən bilik və bacarığın diplomla tanınması üçün həmin proqram mütləq qaydada keyfiyyət təminatı sistemindən keçməlidir. Yəqin ki, zamanla bu istiqamətdə təhsil sistemi olaraq irəliyə doğru gedəcəyik. Amma heç bir formatda distant təhsilin diplom paylanılması və ya qeyri-qanuni diplom alınmasına çevrilməsini istəmirik. Bunu dünya miqyasında qəbul olunmuş standartlar çərçivəsində etməyi düşünürük".