Yayılan xəbərlərə görə, Prezident İlham Əliyevin bu gün daha 3 rayonun icra başçısını işdən çıxarıb. Hələlik rəsmi sərəncam elan olunmasa da, tezliklə bunun baş verəcəyi qeyd edilir.
Bildirilir ki, İmişlinin icra başçısı Vilyam Hacıyev, Lerikin icra başçısı Rövşən Bağırov və Neftçalanın icra başçısı İsmayıl Vəliyev də işdən azad olunub.
Modern.az saytı hər üç icra başçısının bioqrafiyasını təqdim edir.
Lerikdə 1-ci şəxs bakılıdır
Lerik rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırov əslən bu rayondan deyil. Rövşən Elmidar oğlu Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1983-cü ildə əmək fəaliyyətinə başlayıb. 28.11.1983-03.05.1985 –ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında operator, 03.05.1985 - 02.06.1987 –ci illərdə Sovet Ordusu sıralarında, bölmə komandiri, 23.09.1987-01.04.1989-cu illərdə Neft-Kimya İnstitutunda "Əməyin mühafizəsi" kafedrasında laborant, 01.04.1989-14.08.1990-ci illərdə Neft-Kimya İnstitutunda mühasib, 14.08.1990-07.06.1991-ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 07.06.1991-01.11.1991 "Gənclik" Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib, 07.06.1991-11.06.1992 –ci illərdə"Amal" kiçik müəssisəsində baş mühasib, 12.06.1992-01.11.1994-cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 21.11.1995-06.04.1996-cı illərdə "Elmarbank" Səhmdar Kommersiya Banknda kredit şöbəsinin müdiri, 14.08.1994-24.02.2003-cü illərdə "Debut" Səhmdar Kommersiya Bankının "Sahil" filialının şöbə müdirinin müavini, 18.03.2003-31.03.2006-cı illərdə "Bakı yoltikintiservis" Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 31.03.2006-01.04.2007-ci illərdə "Sənaye Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyətin sədri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2007-ci il tarixli 2078 nömrəli sərəncamı ilə Lerik rayonu İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilib. Deyilənə görə, leriklilər ondan yaman narazıdırlar.
Məlumatlara görə, Şamaxı rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad olunan, əslən lerikli Asif Məmmədov bu rayona təzə icra başçıs gətirilir. O, Lerikin deputatı İqbal Məmmədovun qardaşıdır.
Neftçalada isə gəncəlidir
Neftçala rayonu İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev də bu bölgədən deyil, gəncəlidir.
İsmayıl Məhərrəm oğlu Vəliyev 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb. Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 1985-1991-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bağışlama şöbəsində məsləhətçi, hüquq şöbəsində böyük məsləhətçi, baş mütəxəssis, Qanunvericilik və hüquq şöbəsində sektor müdiri vəzifələrində işləyib. 1991-1992-ci illərdə “İlk Bank” Səhmdar Kommersiya Bankının idarə heyətinin sədri, “Mejbankovskoye Obedinenie” Səhmdar Bankında Bank Şurasının sədri vəzifələrində işləyib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində böyük məsləhətçi işləyib.
28 mart 1995-ci il tarixdən 24 may 1995-ci il tarixədək Dövlət Gömrük Komitəsində Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini, 24 may 1995-ci il tarixdən 29 may 1996-cı il tarixədək həmin idarədə rəisin birinci müavini, 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi, 21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib.
01 iyun 2005-ci ildən 24 avqust 2005-ci il tarixədək “Petrogeoaz” Məhdud Məsuliyyəti Cəmiyyətinin baş direktoru vəzifəsində işləyib.
Prezidentin 24 avqust 2005-ci il tarixli 970 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 26 aprel 2011-ci il tarixli 1470 nömrəli sərəncamla Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
O İmişliyə Samuxdan gətirilib
İmişli rayonu İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev də İmişlidən deyil. Vilyam Fəhralı oğlu Hacıyev 10 avqust 1957-ci il tarixdə Xanlar şəhərində anadan olub. 1979-ci ildə Orenburq Vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini bitirib. 1980-ci ilin aprel ayından 1981-ci ilin iyul ayına kimi Yevlax Aviasiya Müəssisəsində təyyarəçi, 1981-ci ilin avqust ayından 1990-cı ilin fevral ayına kimi Gəncə Hava Limanın dispetçer növbətçisi, 1991-ci ilin may ayından 1998-ci ilin fevral ayınadək Gəncə Hava Yolları Agentliyinin rəisi, 23 fevral 1999-cu il tarixdən Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin məsləhətçisi işləyib. Sonra daha yüksək vəzifəyə irəli çəkilib. Belə ki, 2 aprel 2002-ci il tarixdən 26 mart 2004-cü il tarixə kimi Nizami rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunub. V.Hacıyevin karyerasında vəzifə yüksəlişi davam edib. O, 26 mart 2004-cü il tarixdən 7 fevral 2006-ci il tarixə kimi Xanlar (indiki Göygöl) rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
1996-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
V.Hacıyev 7 fevral 2006-ci ildən Samux rayonu İcra Hakimiyyəti başçısı vəzifəsində çalışır. 6 ildir eyni rayona rəhbərlik edən V.Hacıyevin fəaliyyəti haqda birmənalı fikirlər yox idi. 14 aprel 2012-ci il tarixldən İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən cənab Hacıyevdən burada bərk narazılığın olduğu bildirilir.
Modern.az