Milli Məclisin bugünkü axşam iclasında “Qrant haqqında” qanunda dəyişiklik edilməsi məsələsinin müzakirəsi keçirilib. Eyni zamanda “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna dəyişiklik də müzakirə olunub və mübahisələrsiz ötüşməyib.
Modern.az xəbər verir ki, müzakirələr zamanı çıxış edən millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycanda QHT-lərin qeydiyyat prosesinin sadələşdirilməsini təklif edib.
Millət vəkilinin sözlərinə görə, qeydiyyat məsələsində əsasən süründürməçilikdən narazılıq edilir. A. Quliyev bildirib ki, QHT-lərin qeydiyyatı üçün maksimum 30 iş günü vaxt müəyyən olunmalıdır. Bundan başqa, o, təklif edib ki, QHT-lərin rayonlarda da qeydiyyata alınmasına imkan yaradılmalıdır.
A. Quliyev qeyd edib ki, bir sıra QHT-lərin “Qrant haqqında” qanuna dəyişikliyi qeyri-hökumət sektoruna total hücum kimi qiymətləndirilməsi yanlışdır və belə fikirlərin heç bir əsası yoxdur. Bundan başqa, A. Quliyev bildirib ki, dəyişikliklərin mahiyyəti QHT sektorunda şəffaflığın artırılmasıdır. O, qanunda nəzərdə tutulmuş ianələr haqqında dəyişikliyə münasibət bildirib.
“İanənin maksimum məbləği 200 manat ola bilər, ondan yuxarı məbləğ isə bankdan köçürmə yolu ilə həyata keçirilməlidir. Bu, ölkəyə qeyri-qanuni və müəyyən məqsədlər üçün göndərilən vəsaitlərin qarşısını ala bilər”.
Millət vəkili bildirib ki, Azərbaycanda qeydiyyatsız fəaliyyət göstərən QHT-lər mövcuddur: “Bir sıra təşkilatlar qeydiyyata alınmaqda maraqlı deyil. Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu buna misal göstərmək olar. Leyla Yunusa dəfələrlə müraciət olunsa da, o, təşkilatı qeydiyyatdan keçirməkdən imtina edib”.
A.Quliyev QHT Şurasının müzakirə və təkilflərini də parlament iştirakçılarının diqqətinə çatdırıb. Millət vəkilin sözlərinə görə, ümumiyyətlə 10 min manatlıq illik dövriyyəsi olan QHT-lərdən hesabat alınmalı deyil. Bundan başqa, Milli Məclis üzvü sanksiyaların ağırlaşdırılmasının tərəfdarı olmadığını bildirib.
X. Səfəroğlu