Modern.az

“Dövlətqaçqınkom”: “Yolu bağlamaq istəyən köçkünlərin tələbi əsassızdır”

“Dövlətqaçqınkom”: “Yolu bağlamaq istəyən köçkünlərin tələbi əsassızdır”

Təhsil

15 Fevral 2013, 19:20

Bu gün səhər bir qrup məcburi köçkünün “Dövlətqaçqınkom”un qarşısındakı yolu bağlama səbəbi məlum oldu. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Modern.az-a açıqlamasında bildirib ki, məcburi köçkünlərin yolu bağlamasına səbəb onların qəbul günündən kənar qəbul olunma istəyi ilə bağlı idi.

“Komitənin inzibati binasında rəhbərlik və ya komitənin müvafiq şöbələrinin müdirləri və əməkdaşları tərəfindən məcburi köçkünlər müraciətlərilə bağlı istənilən vaxt qəbul olunur. Ancaq bu gün Komitə rəhbərliyinin qəbul günü idi və qəbul prosesi elədir ki, onlar əvvəlcədən qəbula yazılır və fərdi şəkildə qəbul olunur. Zəruri hallarda onlar kollektiv şəkildə qəbul olunur. Bu gün onlar qəbula gəlmişdilər və öz növbələrini gözləməmək üçün çıxıb Komitənin qarşısında yolu kəsmək istədilər. Sonradan həmin məcburi köçkünlər fərdi qaydada hamısı qəbul olundu”.

E. Qədimov vurğulayıb ki, onların qaldırdıqları əsas məsələ bir neçə ay öncə Binəqədi rayonu ərazisində, Dərnəgüldə Bakı Metropolitenin “Depo” stansiyasının tikilməsi ilə bağlı idi.

“Belə ki, bu dövlət əhəmiyyətli bir layihə olduğundan orada məskunlaşan məcburi köçkünlər hazır mənzillərə köçürülüb. Orada qalan yerli sakinlərə isə kompensasiya verilib. Həmin məcburi köçkünlər isə istəyirdilər ki, hazır evlə yanaşı, onlara kompensasiyalar da verilsin. Hətta buraya gələn məcburi köçkünlər iki gün öncə komitə rəhbəri tərəfindən qəbul olunub. Onlara müvafiq izahatlar verilmişdi, amma bu gün bunlar təkrarən həmin kompensasiya tələbi ilə yenidən komitəyə müraciət etmişdilər. Sonradan onların hər biri qəbul olunub, müvafiq izahat verildi və getdilər”, – deyə mətbuat xidmətinin rəhbəri əlavə edib.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir