Bir müddət öncə Modern.az-da saxta gürcü brendilə Azərbaycan sərhədini aşan erməni şərabları haqqında məqalə dərc edilmişdi. İddialara görə, Azərbaycana idxal edilən bu spirtli içkilər Ermənistan xüsusi xidmət orqanlarının xüsusi əməliyyat planı ilə hazırlanır. Əməliyyat planının məqsədi Azərbaycana gətirilən qida və içkilərin istehsal olunduğu firmalara mümkün qədər giriş imkanı tapıb, ərzağa və işçilərə xüsusi maddələrin qarışdırılmasıdır.
Modern.az məsələ ilə bağlı rəsmi mövqe öyrənib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirdilər ki, spirtli içlilər bazarına hər gün nəzarət olunur. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, spirtli içki bazarında daima monitorinq aparılır: “Spirtli içkilərin tərkibində rəngləyiciləri müəyyən etmək üçün Komitənin sınaq təcrübə mərkəzində laboratoriya yaratmışıq. Həmin laboratoriyanın iş funksiyası birbaşa olaraq həmin içkilərin tərkibində, eləcə də digər alkoqolsuz içkilərin tərkibində rənglərin miqdarının müəyyən edilməsidir. Çaxırların tərkibinə rənglər vurula bilər. Bu standartın tələbinə uyğun olmalıdır. Bir neçə il bundan öncə çaxırların rənglərinin tündləşdirilməsindən ötrü normadan artıq rəng istifadəsi barədə fakt var idi. Komitə tərəfindən bunun qarşısı alındı. İndi də bu sahə ciddi nəzarətdədir”.
Komitə rəsmisinin sözlərinə görə, hər hansı bir standartın tələblərinə cavab verməmə faktı ciddi fəsadlara gətirib çıxarır. Odur ki belə fəsadların qarşısının alınması üçün laboratoriya yaradılıb. Marketlərdən, mağazalardan, istehsaldan həmin məhsullar laboratoriyalara gətirilir və onları yoxlayırlar və rəylərini verirlər. Spirtli içki, eləcə də ərzaq bazarında hər gün monitorinq aparıldığını deyən Fazil Talıblının söylədiyinə görə, son günlər spirtli içki bazarında neqativ hala rast gəlinməyib.
Gültəkin Ələsgər