Dünyanın bir çox ölkələri öz qızıl ehtiyatlarını artırır. Azərbaycanın qızıl ehtiyatı 1992-cu ildə yaradılmış və 3 il sonra ləğv edilmiş Azərbaycanda Ləl-Cavahirat Fondunun fəaliyyətdə olduğu dövrdən toplanır. Yeri gəlmişkən, ilk dəfə belə fond Azərbaycan Xalq Cümhuriyyəti zamanında yaradılıb.
Müstəqillik tarixində ikinci dəfə 2010-cu ildə Azərbaycanın qızıl ehtiyatı yaradılıb. 99,5 kq həcmində ilk qızıl partiyası Azərbaycana daxil olub və saxlanmaq üçün Mərkəzi Banka verilib. 2012-ci ildə başlayarq isə Dövlət Neft Fondu da öz vəsaitlərinin bir hissəsinin qızılda saxlamağa başlayıb və bunun üçün xaricdən qızıl alıb. Mərkəzi Banka yerləşdirilən qızıl London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının standartlarına uyğun gəlir.
2013-cü ildə fondun investisiya portfelinə daxil edilmiş qızılın ümumi miqdarı 16 178 kq təşkil edir. Dövlət Neft Fondunun vəsaitlərinin ümumi həcmi isə 34 129,4 milyon dollardır.
İqtisadçı-ekspert Vüqar Bayramov Modern.az-a açıqlamasında bildirib ki, indiyədək qızıl ehtiyatları yalnız Mərkəzi Bank tərəfindən saxlanılırdı, 2012-ci ildən başlayaraq Dövlət Neft Fondu öz aktivlərinə əsasən qızılda saxlamağa başlayıb. İqtisadçı ekspertin sözlərinə görə, hazırda Mərkəzi Bankda Azərbaycana məxsus qızıl ehtiyatlarının miqadrı 515 kq təşkil edir. “Yarım tondan bir az artıq olan qızılın bazar dəyəri 300 milyon ABŞ dollarıdır. Eyni zamanda Dövlət Neft Fondu qızıl ehtiyatlarının saxlanmasını həyata keçirir. Belə ki, Dövlət Neft fondu 2012-ci ildə 15 ton qızıl alıb və həmin qızılın alınması üçün 1.5 milyard ABŞ doları xərclənib. 2013-cü ildə Dövlət Neft fondu aldığı qızılın həcmini 30 tona çatdırmaq niyyətindədir. Dövlət Neft fondunun əsasnaməsi imkan verir ki, fondun vəsaitlərinin 5 faizi qızılda saxlanılsın. Azərbaycanda 2012-ci ildə Mərkəzi Bankın və Dövlət Neft fondunun qızıl ehtiyatlarının kəskin artımı müşahidə olunur. 2012-ci ildə ilk dəfə olaraq Dövlət Neft Fondu vəsaitlərinin bir qisminin qızılda saxlanması ilə bağlı qərar qəbul etdi. Vəsaitlərin bir qisminin qızılda saxlanması müsbət bir haldır. Çünki qızıl digər yığım vasitələrinə nisbətən daha risksiz hesab olunur”.
V. Bayramov Dövlət Neft Fondu vəsaitlərinin bir qisminin qızılda saxlanmasını müsbət hal hesab edib. Ekspert bildirib ki, praktik olaraq Dövlət Neft Fondu vəsaitlərin qızıla çevrilməsi ilə bağlı xeyli gec qərar qəbul etdi. “Belə ki, 2008-ci ildə dünyada qızılın qiymətində azalmalar müşahidə olundu. Bu zaman biz Dövlət Neft Fondunun vəsaitlərinin bir qisminin qızılda saxlanması ilə bağlı təklif irəli sürmüşdük. Amma təəssüf ki, o zaman Dövlət Neft Fondu vəsaitlərinin bir qisminin qızıl ehtiyatında saxlanması ilə bağlı qərar qəbul etmədi. Baxmayaraq ki, qlobal maliyyə böhranı başladıqdan sonra qızılın qiymətində kəskin artımlar müşahidə olundu. Amma 2012-ci ildə qızılın qiymətində stabilləşmə müşahidə olundu. Belə ki, qlobal maliyyə böhranı başladıqdan sonra dünya bazarında qızılın qiyməti 2 dəfəyə yaxın artıb. Amma son bir ildə qızılın qiyməti 3 faizə yaxın aşağı düşüb. Son bir ildə qızılın qiymətində müəyyən azalmalar müşahidə olunmağa başlayıb. Buda onunla bağlıdır ki, böhran dövründə qızılın qiyməti kifayət qədər aşağı idi, böhrandan sonra qızılın qiymətində kəskin artımlar müşahidə olundu. Bir sıra ölkələrin öz ehtiyatlarını qızıla çevirməsi son anda qızılın qiymətinin stabilləşməsinə və müəyyən qədər aşağı düşməsinə gətirib çıxardı. Bu baxımdan Azərbaycan xüsusilə Dövlət Neft Fondu öz vəsaitlərinin qızıla çevrilməsi ilə bağlı 2009-cu ilin əvvəllərində qərar qəbul etsəydi daha doğru addım olardı. Amma qızıl indiki halda da az riskli yığım vasitəsi hesab olunur. Çünki digər valyutalarda məzənnələrin dəyişməsinə uyğun olaraq məhz bəzi hallarda valyutanın dəyərin azalması müşahidə olunur”.
Ekspert Azərbaycan Mərkəzi Bankının qızıl ehtiyatlarının qonşu ölkələrlə müqayisədə nisbətən az olduğunu deyib. “Nəzərə alsaq ki, Mərkəzi Bankın qızıl ehtiyatları yarım tona yaxındı, Rusiyada Mərkəzi bankın qızıl ehtiyatı 1.5 tondur. Qazaxıstanda bu 600 kiloqramdır. Amma təbii ki, Azərbaycan dövlət rezervlərinin çox olması imkan verir ki, Azərbaycan daha çox qızıl ehtiyatlarına malik ola bilsin. Sözsüz, qızılın alınmasında da müəyyən limitlərin müəyyənləşdirilməsinə ehtiyac var. Çünki vəsaitlərin tamamilə qızılda saxlanması da arzuolunan deyil. Çünki qızılın qiyməti 2009-2011-ci illərdə kəskin artdığı üçün 2012-ci ildən başlayaq qızıl qiymətində stabilləşmə və azalma müşahidə olunur. Gələcəkdə, ən azından 2013-cü ildə qızılın qiymətində artımların olacağı proqnozlaşdırılmır”.
Dünya ölkələrində qızıl ehtiyatının həcminə gəlincə, V. Bayramov bildirib ki, Ümumdünya Qızıl Şurasının hesablamalarına görə, bu gün dünya ölkələri mərkəzi banklarında təxminən 160 ton qızıl ehtiyatı var. “Təbii ki, mərkəzi bankların malik olduğu qızıldan söhbət gedir. Buraya xüsusi fondların və yaxud da neft fondlarının malik olduğu qızıl ehtiyatları daxil deyil. Ötən il qızıl ehtiyatlarının həcmi təxminən 80 faiz artıb. Dünyada ən çox qızıl ehtiyatına malik olan ABŞ-ın Federal Rezerv Bankıdır ki, onun ehtiyatı bütövlükdə valyuta ehtiyatlarının 75 faizini təşkil edir. Eyni zamanda Almaniyanın qızıl ehtiyatları 4 tondan artıqdır və məhz bu qızıl ehtiyatına görə, ölkə ikinci yerdədir. İtaliyada qızıl ehtiyatlarının həcmi 3 tondan artıqdır. Eyni zamanda Rusiya, Hindistan, Çində və Yaponiyada qızıl ehtiyatlarının çoxluğu müşahidə olunur”.
Anar Kəlbiyev