Bu gün Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) növbədənkənar VI qurultayı keçirilib. Modern.az-ın məlumatına görə, qurultayda dövlət və hökumət rəsmiləri, millət vəkilləri iştirak ediblər. Qurultayı açan Şuranın sədr müavini, Milli Məclisin deputatı Fəttah Heydərov tədbirdə iştirak etmək üçün seçilmiş 186 nəfərdən 179-nun qeydiyyatdan keçdiyini bildirib.
Sonra mərhum prezident Heydər Əliyevin, Şuranın sabiq sədri akademik Budaq Budaqovun, eləcə də V qurultaydan ötən dövrdə dünyasını dəyişmiş üzvlərin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlət başçısı İlham Əliyevin qurultaya təbrik məktubunu oxuyub.
Qurultayın işçi orqanlarının seçilməsindən sonra gündəlik təsdiq edilib, hesabat məruzəsi dinlənilib.
Tədbirdə çıxış edən AMEA-nın həqiqi üzvü Teymur Bünyadov, Naxçıvan Ağsaqqalar Şurasının sədri Əbülfəz Əskərov, akademik Vasif Məmmədəliyev, Gəncə Ağsaqqalar Şurasının sədri Arif Qurbanov, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və digər iştirakçılar Ağsaqqalar Şurasının fəaliyyətinin səmərəliliyi haqda danışıb, ölkədə gedən inkişaf proseslərini yüksək qiymətləndirib və Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətə öz dəstəklərini bildiriblər.
Çıxışçılar, həmçinin Əkrəm Əylislinin "Daş yuxular" kitabını da pisləyib, onun bu əməllərinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zərbə vurduğunu qeyd ediblər.
Quraltayda Şuranın nizamnaməsinə əlavə və dəyişikliklər edilib, qurumun seçkili orqanlarına seçkilər keçirilib. Azərbaycan Milli Məclisinin deputatı Fəttah Heydərov Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib.
Modern.az