Bu gün 2012-ci ilin oktyabrında yaradılan “Vahid Millət” İctimai Birliyinin (İB) təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən təşkilatın həmtəsisçisi Hürrü Əliyev İB-nin yaranma zərurətindən və qarşıya qoyulan məqsədlərdən danışıb.
Təşkilatın əsas məqsədinin Azərbaycan torpaqlarının azadlığı və bütövlüyü olduğunu bildirən H.Əliyevin sözlərinə görə, dünyada baş verən proseslər, Azərbaycanda milli düşüncənin, milli ideologiyanın aşağı səviyyədə olması bu təşkilatın yaradılmasını labüd edib: “İndiki məqamda Qarabağ və Azərbaycanın bütövlüyü problemləri arxa planda qalıb. Məqsədimiz bu problemləri daha da qabardaraq, cəmiyyətin bütün təbəqələrini bu amal uğrunda birləşməyə çağırmaqdır. Ona görə də Azərbaycanda olan bütün partiyalar, QHT-lər, siyasi düşərgələr, öz ambisiyalarını kənara ataraq bu prosesə qoşulmalıdırlar. Bizim təşkilat əsasən gəncləri öz ətrafında birləşdirərək maarifləndirici və milli düşüncənin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək”.
Tədbirin digər iştirakçıları da yeni yaradılan təşkilatın fəaliyyət istiqamətini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Hürrü Əliyev Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevin oğludur.
Modern.az