Modern.az

Heydər Əliyev Mərkəzinin loqosu, korporativ rəngi və şüarı açıqlandı - FOTO

Heydər Əliyev Mərkəzinin loqosu, korporativ rəngi və şüarı açıqlandı - FOTO

18 Fevral 2013, 16:38

“Gələcəyə dəyərlərlə” Mərkəzin şüarı seçilib


Bakıda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi özünün loqosu, korporativ rəngi və şüarını elan edib. Bununla bağlı Mərkəzdən Modern.az saytına daxil olan açıqlamanı olduğu kimi təqdim edirik:

“Bu gün Azərbaycan regionun ən dinamik inkişaf edən ölkəsidir. Bununla yanaşı müasir Azərbaycan artıq regional müstəvidən çıxaraq beynəlxalq aləmdə yürütdüyü siyasəti, iqtisadi inkişafı və ölkədəki islahatları ilə seçilir. Etibarlı tərəfdaş olan Azərbaycan qəbul edilmiş proqramlar, icra edilmiş layihələrlə uğurlu inkişafı təmin edir.

Azərbaycan keçmişinə bağlı, gələcəyə inamla addımlayan müasir və qüdrətli ölkədir. Ölkə gələcəyə dinamik inkişaf yolundadır. Ümummilli lider Heydər Əliyevlə başlayan bu yol bu gün də davam edir.

Qarşıda bir məqsəd var - Azərbaycanı daha da inkişaf etmiş ölkəyə çevirmək və Azərbaycanı dünyada geniş miqyasda tanıtmaq.

Azərbaycan dəyərlərə sahib olan ölkədir. Milli-mənəvi sərvətə, tariximizə, adət-ənənələrimizə, insan faktoruna, vətəndaşa dəyər dövlətin əsas prioritetidir. Bu gün Azərbaycan həm də innovativ texnologiyaların tətbiqi  və müasir dünyaya inteqrasiyası ilə seçilir.  

Müasir Azərbaycan dünyada ümummilli lider Heydər Əliyevlə tanındı. Təsadüfi deyil ki, bu gün onun adını daşıyan mərkəz - Heydər Əliyev Mərkəzi də müasir Azərbaycanın, müasir Bakının rəmzinə çevrilib. Heydər Əliyev Mərkəzinin binası bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını, eləcə də ümummilli lider Heydər Əliyevin Azərbaycana həsr olunmuş ömrünü, dövlət və xalqı nurlu gələcəyə doğru aparan siyasətini simvolizə edir.

Heydər Əliyev Mərkəzinin simvolu-loqosu da məhz bu ideyadan yarandı. Mərkəzin loqosu da Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini simvolizə edir. 

Loqonun rəngi - gümüşü rəng özündə bütün maneələri aşmağı, hədəfə doğru addımları ehtiva edir. Gümüşü rəng liderlik, mübarizə, dinamika, müdriklik, şəffaflıq, inkişaf  və innovasiya rəmzidir.

Loqonun xətləri Heydər Əliyev Mərkəzinin binasının anlamı ilə həmahənglik yaradaraq Azərbaycanın regionda liderliyini, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini, ölkədəki dinamik inkişafı və aydın sabahı, keçmişin ənənələrini, vətənə, xalqa bağlılığı yaşatmaq kimi dəyərləri ilə gələcəyə addımlarını xarakterizə edir.

Heydər Əliyev Mərkəzinin loqosu Mərkəzin üzərinə qoyulmuş vəzifələrin rəmzi təsviri olmaqla, milli və bəşəri dəyərlərin, dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi şüarını da tərənnüm edir.  

Bu şüar isə “GƏLƏCƏYƏ DƏYƏRLƏRLƏ”dir”.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir