Mərkəzi Seçki Komissiyası ölkədə dairə seçki komissiyalarının maarifləndirməsi ilə bağlı keçirdiyi monitorinqin nəticələrini araşdırır. Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
O yaxın vaxtlarda monitorinqin nəticələrinin məlum olacağını vurğulayıb. “Ümumilikdə onu deyə bilərəm ki, monitorinqin nəticələri yüksək qiymətləndirilə bilər. Çünki format yaxşı işlənmişdi. Monitorinqin ümumi nəticəsinə əsasən demək olar ki artıq dairələrin fəaliyyətində irəliləyişə doğru ciddi dəyişikliklər müşahidə olunur. Bu da onun nəticəsidir ki 2007-ci ildən dairələrin maddi texniki bazası gücləndirilib. Eyni zamanda monitorinq zamanı əməkdaşlarımız Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq proseslərin idarə olunmasını yerlərdəki komissiya üzvlərinə çatdırıblar”.
M. Pənahovun sözlərinə görə, monitorinqin nəticələri əsasında ölkə üzrə dairə seçki komissiyalarının sədrlərinin MSK-da ümumi toplantısı keçiriləcək.
“Xüsusi ilə bu ilin Azərbaycanda Prezident seçkilərinin olduğunu nəzərə alaraq biz dairələrdə maarifləndirmə işlərinə daha çox üstünlük veririk. Dairə seçki komissiyalarında məntəqə komissiyaları üzrə seçici siyahısının tutulması artıq başa çatıb. Hazırda ümumiləşmə aparılır və yaxın zamanlarda seçici siyahısı dairələr üzrə də bəlli olacaq”.
Anar Kəlbiyev